SON XƏBƏRLƏR

İran inqilabın astanasında. Cəmiyyət parçalanıb, hakimiyyət xalqın etimadını itirib

2021.10.20, 07:36
İran inqilabın astanasında. Cəmiyyət parçalanıb, hakimiyyət xalqın etimadını itirib

Gunaz.tv
İran inqilabının ideoloji liderlərindən və İmam Xomeyninin silahdaşlarından biri olmuş Ayətulla Əli Müntəzirinin vəfatı İranda vəziyyəti gərginləşdirib. Qeyd edək ki, Müntəziri 87 yaşında vəfat edib. İlk baxışda kifayət qədər uzun ömür yaşamış bir ruhaninin ölümü adi qarşılanmalı idi. Amma İranda başqa söhbətlər gəzir. İran müxalifəti Müntəzirinin öldürüldüyünü iddia edir. Və qəribədir ki, əksəriyyət də bu iddiaya inanır. Məntiqlə 87 yaşında bir yaşlı adam hakimiyyət üçün ciddi təhlükə olmamalıdır. Özü də Müntəziri ölkənin paytaxtında da yaşamır, qalan ömrünü Qumda sürürdü. Doğrudur, Müntəziri hazırkı hakimiyyətə müxalif mövqedə dayanırdı. Hələ Xomeyninin sağlığında hakimiyyətdəki quzğunların repressiya siyasətinə etiraz edən Müntəziri Xomeyniyə şikayət məktubu yazmış, ölkəboyu davam edən edamların dayandırılmasını tələb etmişdi. Xomeyni öldükdən sonra müəmmalı şəkildə vəzifədən kənarlaşdırılan Müntəziri o vaxtdan hücrəyə çəkilib sakitcə dissident həyatı yaşayırdı. Vaxtaşırı ölkədə baş verən hadisələrlə, İranın xarici siyasəti ilə bağlı bəyanatlar verən Müntəziri hakimiyyəti tənqidlərdən çəkinmirdi. Hüseynəli Müntəziri bir ara Güney Azərbaycan türklərinin hüquqları ilə bağlı bəyanat vermiş, hakimiyyəti Konstitusiyaya əməl etməyə çağırmışdı. Müntəzirinin sonuncu fərqli davranışı prezident seçkiləri zamanı olmuşdu. Din xadimi müxalifəti dəstəkləyən davranış sərgiləmişdi. Müntəziri Xamneyi-Əhmədinejad cütlüyünün nifrətini də o vaxtdan qazanmışdı. Bütün bunlala yanaşı Müntəzirinin hakimiyyətə real alternativ olduğunu, hakimiyyətin yalnız ondan çəkindiyini düşünmək sadəlövhlük olardı. Bəlkə də İranda sakitlik olsaydı, Müntəzirinin dəfən mərasimi də belə izdihamlı keçməz, diqqət mərkəzinə gəlməzdi. Qeyd edək ki, Müntəzirinin dəfən mərasimi siyasi aksiyaya çevrilib, İran müxalifəti Qum şəhərində izdihamlı aksiyalar keçirib. Hakimiyyətin həssaslığı da elə bununla bağlıdır. Kəsəsi, İran müxalifəti Müntəzirinin ölümünün suçunu hakimiyyətin boynuna ata və dəfən mərasimini siyasi şouya çevirə bildi. Dəfn mərasimində iştirak edən İran müxalifətinin liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubi hakimiyyəti sərt tənqid edib, Müntəzirinin yolunu davam etdiriləcəyini bildiriblər. Müntəzirinin ölümünü hadisəyə çevirən də elə bu-müxalifətin aktivliyidir. İranda vəziyyət ilk baxışdan sakit və sabit görünsə də, hakimiyyətin durumu ürəkaçan deyil. Nüvə proqramı ilə bağlı beynəlxlaq təzyiqlər və artıq təsiri hiss edilən beynəlxalq sanksiyalar İran hakimiyyətinin nüfuzunu kəskin şəkildə aşağı salıb. Onsuzda prezident seçkilərində yenilikçi qüvvələrdən ağır zərbə almış İran hakimiyyəti bir də beynəlxalq siyasətdə böhranla üzləşib. İqtisadiyyat çökür, iqtisadi tənəzzül qapınının kandarındadır, siyasi elita parçalanıb, gənclər ordusu hazırkı rejimdə yaşamaq istəmir, silahlı qüvvələr əvvəlki kimi sabiq deyil, üstəlik müxalifət də güclüdür və getdikcə tərəfdarlarını artırır. Belə bir vəziyyətdə İran hakimiyyətinə nə desən yapışır. Necə ki, 87 yaşlı din xadiminin öldürülməsi versiyası inandırıcı görünür və xalq məhz bu versiyaya inanır. Siyasi ekspertlər İranda yeni inqilabın yetişdiyinin bildirirlər. Hərəkatın önünə milliyyətcə farsları düşməsi də bu versiyanı təsdiq edir. İslam inqilabının ideyaları artıq tənəzzülə uğrayıb. Ölkəni Mahmud Əhmədinejadın "İmam Mehdi zühur edəcək", "Qərb imperialistləri imamın zühuruna imkan vermir" kimi səfsəfələrlə idarə etmək mümkün deyil. Bunu panfarsist dairələr də gözəl anlayırlar. İranda inqilabı sürətləndirən bir mühüm faktor da Qərbin bütün gücünü İran daxilində parçalanmanı dərinləşdirmək siyasətinə verməsidir. Qərbdə hesab edirlər ki, İran kimi rejimlərin üstünə getmək olduqca təhlükəlidir. Bu cür rejimlərin daxilndən çökdürmək, inqilablar yolu ilə tarixin arxivinə vermək olar. Görünür, Qərb texnoloqları artıq bu formatın üzərində dayanıblar. Müşahidələr göstərir ki, bu taktika işə yarayır. Hadisələr bu cür davam etsə, İran hakimiyyəti köklü islahatlara getməsə, qısa vaxt ərzində İranda inqilabi proseslər sürətlənəcək.Aslan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar