SON XƏBƏRLƏR

Vuqar Zifəroğlu : Rusiya artıq üç dəfə BMT-nin Təhlükəsizlik Şurasının İrana qarşı tətbiq etdiyi sanksiyaları dəstəkləyib (MÜSAHİBƏ)

2021.10.20, 07:36
Vuqar Zifəroğlu : Rusiya artıq üç dəfə BMT-nin Təhlükəsizlik Şurasının İrana qarşı tətbiq etdiyi sanksiyaları dəstəkləyib (MÜSAHİBƏ)

Gunaz.tv
Bu gün Türkiyənin Yaxın və Orta Şərqdə yürütdüyü siyasət, son zamanlar Türkiyə-İsrail münasibətləri arasında gərginliyin hökm sürməsi, Rusiya - İran münasibətləri və s. barədə oxucularımızı maraqlandıran sualların cavabını almaq üçün Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin müəllimi, filologiya elmlər namizədi, geosiyasi analitik Vuqar Zifəroğlu GÜNAZ.TV Mətbuat Xidmətinə cavablandırır. - Vuqar bəy, Bu gün Türkiyə Yaxın və Orta Şərqdə itirilmiş mövqelərini bərpa etmək üçün cəhdlər edir. Neçə düşünürsünüz, Türkiyə bu siyasətini reallaşdıra biləcəkmi? - Bu bir qədər çətin olacaq. İlk növbədə qeyd etmək lazımdır ki, Yaxın Şərqdə bir mövqe savaşı gedir. Türkiyə iqtidarının «qonşularla 0-dan başlamaq» strategiyasının nəticələri isə ilk növbədə baş verənlərin fonunda bölgədə cərəyan edəcək hadisələrlə əlaqəlidir. Bu gün Türkiyə heç də sakit günlər yaşamır. Günü-gündən artan «sərhəd» təzyiqi, hələ də hədəfləri indiyədək tam olaraq məlum olmayan «kürd açılımı»nın acı fəsadları, qardaş ölkənin mövqelərini hər halda gücləndirmir. Karl fon Klauzevisin məşhur «müharibə dumanı» (hərbi əməliyyatlar səhnəsində baş verənlər barədə məlumatların səhih olmamasını ifadə edən termin) anlayışından doğan «Diplomatik duman» deyilən bir ifadə var. Oyunçulara heç də həmişə nə və niyə baş verdiyi tam aydın olmur. Onlar digərlərindən gələn siqnalları ya qəbul etmir, ya da düzgün şərh etmir və buna müvafiq olaraq nəticəsi gözlənilməz və hətta bəzən katastrofik olan addımlar atırlar. - Bu, siyasətin rəsmi Ankara tərəfindən aparılması bölgədə marağı olan və bölgəni öz təsir dairəsində saxlamağa çalışan Amerika dövləti ilə nə vaxtsa toqquşa bilərmi? - İndilikdə, mövqelərin prinsipial toqquşmaya gətirib çıxaracağına inanmıram. Türkiyə iqtidarı nüfuz baxımından Yaxın Şərqdə ona icazə verilən qədər irəliyə gedə biləcək. Bu gün ABŞ-a Yaxın Şərqdə nüfuzu olan bir Türkiyə lazımdır. Son illərdə bu bölgədə nüfuzu ciddi şəkildə aşağı düşən ABŞ Türkiyə vasitəsi ilə öz maraqlarının müdafiəsinə çalışır. Bu gün AKP iqtidarının istər Yaxın Şərq siyasəti, istər qonşularla problemləri sıfır səviyyəsinə endirmək stratejisi birbaşa ABŞ-la razılaşdırılmış bir siyasi kursdur. Hətta DTP-nin bağlanması belə, gəlin unutmayaq ki, Ərdoğanın ABŞ səfərininin və Obama ilə görüşünün fonunda baş verdi. - Bəzi analitiklərin fikirlərinə görə, Türkiyə üzünü bu bölgəyə çevirməkdənsə, Türk dünyasının birliyi üçün çalışmalıdır. Əsas enerjisini bu istiqamətə yönəltməlidir. Səslənən fikirlərə münasibətinizi bilmək maraqlı olardı. - Biz minillərdir ki, Yaxın Şərqdəyik. Bu gün Yaxın Şərqdə sözünü keçirməyə çalışanlarla müqayisədə, bizim daha çox hüququmuz var. Yaxın Şərq dolayısı ilə Türk dünyası deməkdir. Yaxın Şərqdə əmin-amanlıq bu gün Orta Asiya adlandırdığımız Türküstanın əmin-amanlığı və Güney Qafqazın, Anadolunun inkişafı deməkdir. Yaxın Şərq siyasəti və Türk Birliyi strategiyası biri-birinə əksilik təşkil etmir, hətta müəyyən qədər tamamlayır. Sualı başqa cür qoymaq olar. Türkiyənin son qırx ildə Avropa Birliyinə qəbul olunmaq üçün ortaya qoyduğu enerji və potensialı son, deyək ki, 15-20 ildə türk dünyasının birliyi istiqamətində xərcləsəydi daha məqsədəmüvafiq olmazdımı? Məncə, Türkiyə Avropa Birliyi modelində bir türk dövlətləri birliyi yaradılmasına çalışsa, istər bölgədə, istərsə də, beynəlxalq geosiyasi arenada daha böyük nəticələrə imza ata bilər. Digər tərəfdən son yeddi ildə ərəb ölkələrinə yönəlik bir sıra səs-küy doğuran addım və bəyənatlarla yadda qalan AKP iqtidarı, türk dövlətlərinin problemlərinə də bu qədər diqqət ayırsaydı, daha yaxşı olardı. - Hazır kı, dönəmdə və gələcək proseslərdə Türkiyənin bir dövlət kimi İslam dünyasında lider olma şansını neçə dəyərləndirirsiniz? - Maraqlı məqam ondan ibarətdir ki, əhalisi daha çox olan müsəlman ölkələri, bir qayda olaraq İslam dünyasının öz daxilində lider rolunda deyillər. Aparıcı rol o ölkələrdədir ki, iqtisadi və texniki cəhətdən inkişaf etməklə yanaşı, həm də tarixi, siyasi və mədəni ənənələri özündə ehtiva edir. Bu baxımdan Türkiyənin İslam dünyasında lider olması prinsip etibari ilə mümkündür. Türkiyə NATO-nun ilk üzvlərindəndir və Cənub-qərbi Asiya ölkələri və İslam dünyasında öz hərbi potensialına görə liderliyi ilə seçilir. Avropa vasitəsi ilə dünyaya inteqrasiya etmiş iqtisadiyyatı öz dinamizmi və müasir strukturuna görə fərqlənir. Bu ölkə ən müasir İslam dövlətidir və bu səbəbdən də böyük liderlik potensialı var. Bu inkişafın qarşısı isə daim xaricdən transfer edilən daxili problemlər, sonu görünməyən Avropa Birliyi hədəfi və «soyqırım» təzyiqi, «kürd problemi» ilə alınmağa çalışılır. Lakin, yuxarıda da qeyd etdiyimiz kimi, hər şey, Türkiyənin yürütdüyü siyasətdən asılı olacaq. - Son bir neçə ayda Türkiyə-İsrail münasibətləri gərginliyi ilə seçilir. Bu, gərginliyin hökm sürməsi nəticə etibarı ilə Türkiyə diasporası yəhudi lobbisinin dəstəyindən məhrum ola bilərmi? - Türkiyə-İsrail münasibətləri uzun illərin sınağından çıxmış münasibətlərdir. Hər iki ölkənin xarici siyasət konturlarını cızan strateqlər bilirlər ki, onların biri-birilərinə ehtiyacı var. Mən güman etmirəm ki, Türkiyə-İsrail münasibətlərində yaranmış gərginlik uzun müddət davam etsin. Həmçinin yəhudi lobbisinin Türkiyə diasporasını dəstəyindən məhrum etməsinə də ehtimal vermək istəməzdim. Bu gün İsrailin bölgədəki hədəflərini gerçəkləşdirməsi üçün birmənalı olaraq Türkiyəyə ehtiyacı var. Artıq Türkiyə bu ehtiyacdan nə dərəcədə bəhrələnə biləcək, bunu zaman göstərəcək. - Vuqar bəy, sonuncu sualımız İran-Rusiya münasibətləri ilə bağlıdır. Son vaxtlar rəsmi Tehranla rəsmi Moskva arasında arasında soyuqlaşma hiss olunur. Sizcə, həmişə İranı beynelxalq arenada dəstəkləyən rəsmi Moskva bu dəfə ola bilərmi ki, nüvə enerjisi ilə bağlı danışıqlarda rəsmi Tehranı dəstəkləməsin. - Son hadisələr İran və Rusiyanın ikitərəfli münasibətlərində yeni mərhələnin başlamasından xəbər verir. Rusiya İranı, istehsal etdiyi nüvə texnologiyaları və silahlarının ən əsas alıcısı qismində görür. Eyni zamanda İranın yerləşdiyi coğrafi məkan onun Rusiya üçün əhəmiyətini daha da artırır. Bu baxımdan Rusiya mümkün qədər hər şeyi edir ki, İranla münasibətləri müttəfiq səviyyəsində olsun. İran-Rusiya münasibətləri qərbə qarşı təbii müttəfiqlik zərurəti yaradır. Və hər iki dövlət qərb ölkələri ilə münasibətlərində biri-birilərindən «kozır» kartı kimi istifadə edirlər. Lakin Rusiya prioritet kimi hər zaman Qərblə münasibətlərə üstünlük verib. Və zərurət yarandığı zaman, bu dövlət öz maraqlarını müdafiə etmək məqsədi ilə İranın maraqlarını qurban verməyi bacarıb. Bu səbəbdən Moskva İranın nüvə proqramından maksimum dərəcədə yararlanmağa çalışaraq, qərblə «ticarət masası»ndan daha artıq xeyirlə durmağa çalışır. Lakin İranın dəstəyinin qiyməti böyük olarsa və eyni zamanda, Rusiya İrana görə Avropa ilə üz-üzə qalma təhlükəsi ilə üzləşərsə, həmişə olduğu kimi bu dəfə də Moskva Tehranın maraqlarını qurban verərək, qərbin tərəfində duracaq. Unutmaq olmaz ki, Rusiya artıq üç dəfə BMT-nin Təhlükəsizlik Şurasının İrana qarşı tətbiq etdiyi sanksiyaları dəstəkləyib. Söhbətləşdi: Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar