SON XƏBƏRLƏR

Ayətullahın dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib

2021.10.20, 07:36
Ayətullahın dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "azadlıq"-a istinadən yaydığı məlumata görə, İranın tanınmış ruhanilərindən biri, axırıncı prezident seçkilərindən sonra Əhmədinecadı və hökuməti tez-tez tənqid atəşinə tutan Ayətullah Hüseyn Əli Müntəziri bazar günü dünyasını dəyişib. Müntəziri bu gün səhər saatlarında Qum şəhərində son mənzilə yola salınıb. Onun dəfn mərasimində iştirak etmək üçün minlərlə müxalifət tərəfdarı Quma axışıb. Ölkənin demək olar ki, hər yerindən – Təbrizdən, paytaxt Tehrandan, İsfahan və başqa şəhərlərdən dəstə-dəstə insanlar Quma gedərək infarktdan öldüyü deyilən Müntəziri ilə vidalaşmağa çalışıb. Bəzi məlumatlara görə, Quma gedənlər hökumət qüvvələrinin süni maneələri ilə qarşılaşıb. Belə xəbərlərdən birinə görə, bir qrup təbrizli siyasi fəalı Quma aparan avtobus yolda saxlanılıb. Yeri gəlmişkən, müxalif mövqeli çoxlu sayda ruhaninin də qatıldığı dəfn mərasimində hazırkı hökumətin əleyhinə şüarların səsləndirildiyi də gələn xəbərlər sırasındadır. “Media forum” isə xəbər verir ki, müxalifət liderləri Mirhüseyn Musəvi ilə Mehdi Kərrubinin də dəfn mərasimində iştirak etmək üçün dünən gecədən Quma getdiyi bildirilir, lakin onların dəfn mərasiminə qatılıb-qatılmadığı barədə məlumat yoxdur. Ayətullah Müntəziri İran islam inqilabının lideri Ayətullah Xomeyninin ilk canişini olub. Vaxtilə o, İran İslam Respublikasında həyata keçirilən edamlarla bağlı Xomeyniyə açıq məktub yazıb və edamları tənqid edib. Bu səbəbdən Xomeyni vəfat edəndən dərhal sonra Müntəziri canişinlikdən uzaqlaşdırılıb və onun yerinə İranın indiki dini lideri Ayətullah Xamneyi gətirilib. Sonda onu da qeyd edək ki, ölümündən bir neçə saat sonra Ağ Ev bəyanat verərək, Müntəzirinin ümumbəşəri insan hüquqları və azadlıqlara sadiqliyinə görə beynəlxalq hörmət qazandığını bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar