SON XƏBƏRLƏR

Husilər 48 saat ərzində Səudiyyə Ərəbistanına beş hərbi hücum etdiklərini açıqlayıblar

2026.11.29, 09:05
Husilər 48 saat ərzində Səudiyyə Ərəbistanına beş hərbi hücum etdiklərini açıqlayıblar

Gunaz.tv

İranın dəstəklədiyi husilər son 48 saat ərzində Səudiyyə Ərəbistanına qarşı beş hərbi əməliyyat keçirdiklərini, Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanını, bir sıra hərbi obyektləri və enerji infrastrukturunu hədəf aldıqlarını bildiriblər.

Husilərin hərbi sözçüsü Yəhya Səriə şənbə günü, Azərin 7-də sosial şəbəkə X-də yaydığı bəyanatda bu hücumların Səudiyyə Ərəbistanının Sənada və Yəmənin bir neçə digər vilayətində elektrik stansiyalarına və mülki infrastruktura endirdiyi zərbələrə cavab olaraq həyata keçirildiyini iddia edib.

Onun sözlərinə görə, husilərin hücumları Səudiyyə Ərəbistanının Cizan neft emalı zavodunda və ölkənin şərqində yerləşən Həviyə qaz kompleksində yanğına səbəb olub, Şəqiq və Cizan elektrik stansiyalarına isə ciddi ziyan vurub. Səriə, həmçinin Əbha və Xəmis-Müşeyt bölgələrində iki radar sisteminin hədəfə alınaraq sıradan çıxarıldığını bildirib.

Husilərin hərbi sözçüsü Səudiyyə Ərəbistanının Yəmənə hücumları dayandırılana və blokada aradan qaldırılana qədər ölkənin dərinliklərinə zərbələrin davam edəcəyini bəyan edib.

Bununla belə, husilərin açıqladığı hücumların təfərrüatları və vurulduğu bildirilən ziyanın miqyası müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar