SON XƏBƏRLƏR

“ALTILAR” İRANA YENİ TƏKLİFLƏR PAKETİ VERDİ

2021.10.20, 07:36
“ALTILAR” İRANA YENİ TƏKLİFLƏR PAKETİ VERDİ

Gunaz.tv
“ALTILAR” İRANA YENİ TƏKLİFLƏR PAKETİ VERDİ Dünən Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Havyer Solana Tehrana gözlənilməz səfər edib. “Röyter” agentliyinin məlumatına görə, Solana BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün və Almaniyanın (“altılar”) İranın nüvə probleminin həllinə dair yeni “stimul paketi” təqdim edib. “Altılar” hesab edir ki, bu təkliflər İranı zənginləşdirilmiş uran proqramını dayandırmağa sövq edə biləcək. Bildirilir ki, Solananı Tehrana səfərdə ABŞ istisna olmaqla “altılar”ın xarici siyasət idarələrinin yüksək rütbəli təmsilçiləri müşayiət edib. Heyət əvvəlcə xarici işlər naziri Mənuçöhr Möttəki ilə bir araya gəlib. Daha sonra heyətin İranın Ali Təhlükəsizlik Şurasının sədri Səid Cəlili ilə görüşəcəyi gözlənilirdi. Rusiya mənbələrindən isə məlum olub ki, Solana Tehrana səfərini vaxtından tez başa vurmağı qərara alıb. Onun əvvəlcə Tehranda iki gün qalacağı və danışıqlar aparacağı gözlənilirdi. Məlumata görə, “altılar”ın Tehrana dair “stimul paketi” bu ilin mayında hazırlanıb. Paketdə İranın zənginləşdirilmiş uran proqramını dayandıracağı təqdirdə bu ölkəyə bir sıra iqtisadi güzəştlərin edilməsi nəzərdə tutulur. Bununla belə sənədin tam məzmunu açıqlanmır. Bundan əvvəl Tehran “altılar”ın oxşar təkliflərini rədd edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov yeni təkliflər paketi ilə bağlı deyib ki, orada əvvəlkilərlə yanaşı yeni stimullar da nəzərdə tutulub. Lakin Tehran bu təklifləri də hələ görmədən rədd edəcəyini açıqlayıb. İran xəbərdarlıq edib ki, ABŞ Çin və Rusiya daxil olmaqla dünya ölkələrinin uranın zənginləşdirilməsinə son qoymağın əvəzində ona təklif etdikləri şirnikləndirmə paketini qətiyyətlə və dərhal rədd edəcək. Hökumət sözçüsü deyib ki, əgər paketdə uranı zənginləşdirməyi dayandırmaq tələbi varsa, sənəd İran üçün qeyri-məqbul hesab ediləcək. İranın təklifə “yox” deməsi xəbərinə reaksiya verən Amerika prezidenti Corc Buş bundan məyus olduğunu söyləyib. O bildirib ki, İran liderlərinin bu faydalı təklifi rədd etməlsi İran xalqına onların rəhbərliyinin təcridolunma siyasəti seçdiyini göstərir. Bundan əvvəl BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və Almaniya İranı yeni sanksiyalarla hədələmişdilər. Gözlənilir ki, Solana Tehranda apardığı danışıqlarla bağlı yaxın günlərdə BMT Təhlükəsizlik Şurasını məlumatlandıracaq. Onun İranı vaxtından əvvəl tərk etməsi də danışıqların uğursuz olduğunu göstərir. F.MƏMMƏDOV musavat

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar