Ortaq türk əlifbası ideyası: tarixilik və çağdaşlıq
2021.10.20, 07:36
Əjdər Fərzəli: "Orxon-Yenisey və Gəmiqaya-Qobustan əlifbaları dünya yazı mədəniyyətinin zirvələridir" Professor Aydın Abi Aydın: "Türk xalqlarının mənəvi birliyi məsələsində əlifbanın əhəmiyyəti böyükdür" Çağdaş dönəmdə adına "Azərbaycan əlifbası" dediyimiz gerçəkdir ki, latın qrafikalıdır; o deməkdir ki, hərfi mənada "sözümüzün geyimi", yəni qrafik işarələrimiz özümüzünkü deyil... Bir xalqı özgələşdirmək istəyirsənsə, öncə onun əlifbasını əlindən al; Stalin bunu çox gözəl anlayırdı. Bu səbəbdən də Azərbaycanla Türkiyə arasında "Ermənistan" adlı bufer dövlət yaradıldıqdan sonra latın qrafikalı əlifba da dəyişdirildi. Baxmayaraq ki, bu qrafika da özümüzünkü deyildi. İmperiya qorxurdu ki, Azərbaycanla Türkiyə arasında bağı məhz əlifba yaradacaq. Əlifba dəyişdiriləndə artıq coğrafi Türküstan da param-parça olmuşdu... Buradan bir daha aydın our ki, Türkün sabahında özünəməxsus əlifbasının olması, ya da Orxon-Yenisey qrafikalı əlifbasına yiyəlik etməsi necə gərəkli bir işdir. Necə olur ki, Çin minlərlə heroqlifi olan əlifbasından əl çəkmir, erməni ordan-burdan yığdığı qondarma əlifbası ilə meydan sulayır, gürcünün öz əlifbası var, ancaq 300 milyonluq Türk Xalqının əlifbası olmasın? Axı bizim bir xalq olaraq yaradıcılıq potensialımız qətiyyən tükənməyib. Deməli, sabahımızı gec də olsa, bu sarıdan da düşünməliyik. Araşdırmaçı Əjdər Fərzəli 30 ildən çox bir müddətdə Azərbaycan ərazisində qayalara, daşlara, saxsı və metal parçalarına, xalçalara həkk olunaraq qorunub saxlanmış qədim Azərbaycan-türk əlifbasını ilk dəfə aşkara çıxararaq onu oxumağa müvəffəq olub. Deyir ki, Azərbaycan dünyada ən qədim və ən mükəmməl əlifbanın vətəni, Azərbaycan-türk xalqı o əlifbanın yaradıcısıdır: "Bu əlifbanı Gəmiqaya və Qobustan abidələrini, həmin abidələr haqqında tədqiqat əsərlərini nəzərdən keçirərkən aşkarlamışam". Arxeoloq İsaq Cəfərzadə həmin rəsm və işarələrin e.ə. 8-ci minillikdən üzü bəri qayalara həkk olunduğunu bildirib. Təsvirlərin özü sübut edir ki, onlar yüksək dərəcədə inkişaf etmiş mədəniyyətin danılmaz izləridir. Qobustan qayalarının rəsm və işarələri istedadlı rəssamlar və bilicilər tərəfindən qayalar üzərində bədii-həndəsi-riyazi dəqiqliklə qazılaraq həkk edilib. Bunların hamısı sözlü işarələrdir. İlk növbədə Tanrıçılıq, Odsevərlik inamını, yer-göy əlaqələrini, kosmik düşüncəni əks etdirir. Gəmiqaya abidələrini isə 1968-ci ildə tarix elmləri doktoru, professor Vəli Əliyev kəşf edib. O, Gəmiqayada qədim yazı işarələrinə də təsadüf olunduğunu bildirib. Qobustanda və Gəmiqayada qədim əlifba işarələrinin varlığından ilk dəfə Əjdər Fərzəli xəbər tutub, həmin əlifbanı piktoqraflar sırasından aşkara çıxarıb: "Gəmiqaya-Qobustan əlifbasını bir neçə qədim əlifba işarələrilə müqayisə etdim, tutuşdurdum, hər bir işarənin, hərfin yerini, səsini və s. təyin etməyə çalışdım. Bu, Azərbaycanda yaradılmış və Azərbaycan-türk düşüncəsinin, zəkasının məhsulu olan qədim, orijinal, milli Azərbaycan-türk əlifbasıdır." Sözügedən əlifbanı Orxon- Yenisey əlifbası ilə müqayisə edən Əjdər Fərzəli bu qənaətə gəlir ki, Orxon-Yeniseylə Gəmiqaya-Qobustan bir-birini izləyən, bir-birindən fərqli, müstəqil əlifbalardır. Yəni türk əlifbası kimi qohum əlifbalardır: "Fikrimcə, hər iki türk əlifbası zaman etibarilə çox qədimdir. Orxon-Yenisey əlifbası Avrasiya mühitində şərq, Gəmiqaya-Qobustan isə qərb əlifbasıdır. Elə bu səbəbdəndir ki, qədim və müasir Avropa əlifbaları, Yaxın Şərqin bir sıra əlifbaları da Gəmiqaya-Qobustanın törəmələridir. Müqayisələr göstərir ki, finikiya, yunan, latın, kiril, ərəb, İran (Pəhləvi) Sanskrit, braxmi (hind) və s. əlifbaları Gəmiqaya-Qobustan əlifbasından iqtibasla yaradılıb". Gəmiqaya-Qobustan yuxarıda sözügedən əlifbaların hamısından daha zəngin, tamamlanmış, bitkin əlifbadır. O, bilavasitə Azərbaycan-türk dilimizin fonetik və leksik quruluşuna tam cavab verir. Yerli əlamətlər sübut edir ki, Gəmiqaya-Qobustan əlifbası Azərbaycanın öz qədim, yerli fonetik əlifbasıdır. Onu xalqımız yaradıb və bu tarix eradan əvvəlki minilliklərə aiddir. Gəmiqaya-Qobustan əlifbası 32 hərfdən: 23 samit və 9 sait səsdən ibarətdir. Bunlar 100-ə yaxın işarədir. Bu əlifba ilə yazılmış bütöv mətnlər hələlik əldə edilməsə də, prinsip etibarilə yəqinləşdirdim ki, Gəmiqaya-Qobustan əlifbasının işarələri tanrıçılıq inamının tələbi ilə soldan sağa-Od tanrıya, Günəşə sarı yazılıb". Əjdər Fərzəli qəti əmindir ki, Gəmiqaya-Qobustanın yenidən dünyaya qayıtması ilə Finikiya əlifbasının uydurma "birinciliyinə " həmişəlik son qoyulub. Finikiya daha Orxon-Yeniseydən əvvəlki əlifba deyil və Orxon-Yenisey heç də Finikiya-Arami əlifbasının yox, Gəmiqaya-Qobustan əlifbasının modeli əsasında meydana çıxa bilərdi. Amma bu halda da Orxon-Yeniseyin öz modeli, öz daxili sirri hələ öyrənilməmiş qalır:" Məncə, hələlik belə fikir yürütmək olar: Orxon-Yenisey Gəmiqaya-Qobustandan bəhrələnib. Bunun açımı gələcək tədqiqatçılarla bağlıdır. Orxon-Yeniseyin Finikiya-Yunan və Arami yazılarıyla müqayisədə meydana çıxan uyğunluqları Gəmiqaya-Qobustana aid edilə bilər. Finikiya-Yunan və Arami yazılarının Gəmiqaya-Qobustanın törəməsi olduğunu Şumerli türk əlifbası təsdiqləyir, həm də bunun tarixiliyini meydana qoyur. Tarix təsdiqləyib ki, Şumer əlifbası azı 6 min il əvvəl mövcud olub. Gəmiqaya-Qobustan Şumer türk əlifbası ilə-bütün hərfləri və piktoqraflarıyla tən gəlir. Orxon-Yenisey və Gəmiqaya-Qobustan dünya yazı mədəniyyətinin zirvələridir". Şair Nizami Zöhrabi hesab edir ki, var olduğu ilk çağlardan başlayaraq bu günə qədər bəşərin diqqət mərkəzində olan türk əslində çağdaş elmə bəlli olan Orxon-Yenisey abidələri timsalında təsdiqini tapmış mədəniyyətdən də qədim mədəniyyətə sahibdir: "Belə bir sual meydana çıxır: hazırda əhalisinin böyük əksəriyyəti türklərdən ibarət olan, başqa xalqların dilinə, dininə, adət-ənənələrinə hörmətlə yanaşan Azərbaycanın tarixə münasibətinin əski rus-sovet ideologiyasından fərqlənməməsi, milli ideologiyamızın rus-sovet təsirindən qurtula bilməməsi nə deməkdir və bu, bizi hara aparır?" Şair Xanəmir bu qənaətdədir ki, Turançılıq əlifbadan başlayır: "Mən Turançılığı bir məfkurə sayıram, onun mayasını, ən böyük qaçılmaz əsasını Orxon-Yenisey əlifbasında görürəm. Bizim öz Turan əlifbamız olmalıdır. Əks təqdirdə bütün yazdıqlarımız boş, mənasız olacaq. Mən inanmıram ki, hansısa bir qeyri-əlifba bu iqlimlərdə, bu mədəniyyətdə qiyamətə kimi baqi qalsın". Müəllif düşünür ki, Orxon-Yenisey əlifbası dilimizin təfəkkür enerjisini öz bətnində qoruyub hifz edə bilir: "Əlifba hərfi, səsi, mədəniyyəti dondurur... Nə edim ki, bu əlifbanın önündə səhralar açan sonsuz cazibəsinə yenik düşürəm". 1893-cü il noyabrın 25-də qədim türk-runi yazılarının oxunması, qədim abidənin sirrinin açılması və türk əlifbasının aşkarlanması kimi tarixə düşüb. Nizami Cəfərov bu tarixin yaşandığı qədim dövrü "bütün türkləri birləşdirən enerji, türklərin böyük mədəniyyət aktı" kimi dəyərləndirir, bu şərəfli tarixi öyrənməyin, tədqiq və təbliğ etməyin tərəfdarı kimi çıxış edir. Digər tərəfdən də qədim türk-run əlifbasına qayıtmaqla bağlı istəkləri "romantik təkliflər" adlandırır. Ancaq sabahımızda bu əlifbanın təkcə oxunduğu gün kimi qeyd olunması deyil, üzərində müəyyən düzəlişlər aparılmaqla ortaq türk əlifbası kimi qəbul edilib ürəklərə yazılması, bütün Türk Dünyasında işlədilməsi son dərəcə gərəklidir. Azərbaycanda ötən yüzilin 90-cı illərində bir-birinin ardınca bu mövzuda Əbülfəz Rəcəbovun və Yunis Məmmədovun birgə, professor Əlisa Şükürlünün kitabları işıq üzü gördü. Bu kitablarda qədim, fəxr ediləsi türk tariximizin köklü sübutları - türk əlifbamızda, iri daş kitabələr üzərində yazılmış qəhrəman tariximizin bir parçası haqqında müxtəlif illərdə aparılmış araşdırmalar ümumiləşdirilir, abidələrin məzmunu, məqsədi hərtərəfli açılır. Orxon-Yenisey abidələri barədə ilk dəfə 12-ci yüzildə tarixçi Alaəddin Ata Məlikin əsərində bəhs edilib. Ümumən isə abidələrin varlığı xeyli müddət elm aləminə gizli qalıb. Abidələr haqda avropalılara bilgini Amsterdam şəhərinin burqomistri Nikolay Vidzen verib. Bir az sonra Tobol boyarlarından birinin oğlu Semyon Remezov abidələr barədə məlumat verib. Məşhur abidələr barədə əsasən 18-ci yüzildən sonra elmi fikirlər söylənilib. Əbülfəz Rəcəbov və Yunis Məmmədov yazırlar: "İsveç zabiti F.Tabbet 13 il Sibirdə sürgündə qaldıqdan sonra Niştadt sülhünə görə azad edilir və 1722-ci ildə Stokholma qayıdır. Onun 1730-cu ildə çıxan əsərində elm aləmində ilk dəfə olaraq Orxon-Yenisey əlifbası ilə yazılmış bir neçə kitabədən nümunə verilir". Əsrin sonuna doğru qədim türk abidələri haqqında məlumat çoxalır. 1793-cü ildə akademik Pallas Orxon-Yenisey abidələrindən bir neçəsinin mətnini nəşr etdirib. Lakin qədim türk abidələrinin daha geniş öyrənilməsi 19-cu yüzildən başlanır. Uzun müddət abidələrin hansı xalqa aidliyi məsələsi müzakirə mövzusu olub: "1857-ci ildə Q.Spasski yenidən Yenisey kitabələri problemi üzərinə qayıdır. O, özünə qədər irəli sürülən fərziyyələri, xüsusən Rommelin abidələri skiflərlə bağlaması fərziyyəsini qəti rədd edir, əvvəlcə bu abidələrin hansı xalqa məxsusluğu məsələsini açıq saxlasa da, sonradan onların slavyanlara məxsus olması nəzəriyyəsini irəli sürür". Getdikcə abidələrə maraq artır, xeyli ekspedisiyalar təşkil olunur. Nəhayət, 1893-cü il dekabrın 15-də Danimarka Kral Elmlər Akademiyasının iclasında professor V.Tomsen Orxon-Yenisey abidələrinin açılması haqda məlumat verir. O, "Kül tigin" abidəsindən 4 sözü - "Tenqri", "Türk", "Kül" və "Tigin" sözlərini oxuyur. Bu vaxta qədər isə Radlov 20-yə yaxın işarəni açmışdı. Tomsenin qədim türk əlifbasını açmasını eşidəndən sonra "Kül tigin" abidəsini tərcümə edir, 1894-cü il yanvarın 19-da Rusiya Elmlər Akademiyasının iclasında oxuyur. Sonrakı illərdə abidələrlə bağlı Tomsen, Radlovla yanaşı Melioranski və başqaları da ciddi şəkildə məşğul olub. Profesor Aydın Abi Aydın deyir: "Bu gün ermənilər olmayan tarixlərini eşələyir, hər xırda, əhəmiyyətsiz şeyləri dünyanın gözünə soxurlar. Amma təəssüf ki, hələ də biz türkün böyük mənəvi sərvətlərinə sahib dura bilmirik. Erməninin belə sərvəti olsaydı, indi bütün dünyanı lərzəyə salmışdı. Ümumən türk xalqlarının mənəvi birliyi məsələsində əlifbanın əhəmiyyəti böyükdür". Dilçi-professor İsmayıl Məmmədov da ortaq əlifba məsələsində geniş müzakirələr aparılmasının tərəfdarıdır: "Son nəticədə bütün bu məsələlər türk dövlətlərinin yekdil bir qərara gəlməsini zəruri edir. Bu yöndə məsələlər Türk Dünyasının birliyi ideyasının tez-tez səsləndirildiyi bir çağda çox əhəmiyyətlidir. Ortaq türk dili yönündə ideyalar türk xalqları arasında mənəvi birlik yarandıqca, artdıqca gerçəkliyini daha tez tapa biləcək". Elçin Qaliboğlu