SON XƏBƏRLƏR

ABŞ QAFQAZI SİLAHLANDIRMAĞA BAŞLAYIR

2021.10.20, 07:36
ABŞ QAFQAZI SİLAHLANDIRMAĞA BAŞLAYIR

Gunaz.tv
ABŞ QAFQAZI SİLAHLANDIRMAĞA BAŞLAYIR Brüsseldə Azərbaycan və Gürcüstan ordularının müasir silah və texnika ilə təmin olunması yolundakı maneələri ləğv etmək istəyirlər C.MƏMMƏDOV NATO ilə Rusiya arasında Cənubi Qafqaz uğrunda geosiyasi çəkişmə rakursunda ekspertlər diqqəti NATO-nun əvvəlki illərlə müqayisədə Cənubi Qafqaza daha çox diqqət yetirdiyinə yönəldirlər. Məsələn, təkcə 2008-ci ilin iyun ayında Cənubi Qafqaz ölkələrinə NATO-nun 100-ə yaxın rəsmisi səfər edib və səfərlər bu gün də davam etməkdədir. Təkcə bu ay Azərbaycana səfər edən NATO rəsmilərinin və mütəxəssislərinin sayı 50-ni keçib. Müşahidəçilər hesab edirlər ki, alyansın Cənubi Qafqazla bağlı bu qədər fəallığı Rusiyanın qıcıqlanmasına səbəb olub: Moskva hansısa adekvat tədbirlə qərbin Qafqaza təsirinin azaldılmasına çalışacaq. QƏRB QAFQAZI RUSİYANIN SİLAH BAZARINDAN ÜZ DÖNDƏRMƏYƏ ÇAĞIRIR NATO bölgənin siyasi-iqtisadi həyatı ilə yanaşı, diqqəti daha çox təhlükəsizlik məsələlərinə yönəldir. Son bir neçə ayda baş verən hadisələr göstərir ki, Brüsselin məqsədi Qafqaz ölkələrini təhlükəsizlik baxımından müstəqil qərarlar qəbul edən dövlətlərə çevirməkdir. Bu istiqamətdə planlaşdırılan tədbirlər davam edəcək. Belə ki, yaxın vaxtlarda Avropanın Corc Marşall adına təhlükəsizlik üzrə Tədqiqatlar Mərkəzində Cənubi Qafqaz ölkələrinə hərbi sahədə yardımların artırılması ilə bağlı xüsusi qapalı müzakirələrin aparılması gözlənilir. Avropadakı hərbi mənbələrdən "Ayna"ya verilən məlumata görə, NATO-nun müdafiə idarələrinin nümayəndələrinin iştirak edəcəyi konfrans iyulun sonlarında Almaniyanın Qarmiş-Partenkirxen şəhərində keçiriləcək. Amerika Silahlı Qüvvələri Avropa Komandanlığının (EUCOM) dəstəyi ilə keçiriləcək bu forumda Azərbaycan, Gürcüstan və Ermənistan müdafiə təsisatlarının nümayəndələri də iştirak edəcəklər. Məlumatlı mənbələr bu görüşün Cənubi Qafqaz ölkələrinin təhlükəsizlik sektorunda ciddi dəyişikliklərə səbəb olacağı qənaətindədirlər. Ən azından bu ölkələrin silahlanması ilə bağlı müəyyən strategiyanın hazırlanması ilə bağlı müzakirələrin keçirilməsi nəzərdə tutulur. Bu gün Cənubi Qafqaz ölkələrindən ikisi - Azərbaycan və Ermənistan öz ordularını silahlandırmaqda daha çox Rusiya və Ukrayna bazarlarına üstünlük verir. Rəsmi Bakı Azərbaycanın niyə belə addım atmasının səbəbini çox sadə şəkildə izah edir: Azərbaycan XİN Təhlükəsizlik Problemləri İdarəsinin II katibi Hikmət Hacıyev bildirib ki, əslində, Qərb ölkələrinin silah bazarı Azərbaycanın üzünə bağlıdır. "Azərbaycanın hətta Türkiyədən silah və hərbi texnika alınmasında müəyyən problemlər yaşanır. Çünki bu ölkənin istehsal etdiyi silah və hərbi texnikaların əksəriyyətinin müəlliflik hüququ məhz Qərb şirkətlərinə məxsusdur. Ona görə də biz belə məsələlərdə MDB ölkələrini seçməli oluruq", - deyə o bildirdi. Qərb silah və hərbi texnikasının çox baha olduğunu vurğulayan H.Hacıyevin sözlərinə görə, NATO tərəfindən tərəfdaş və ya alyansa üzv olmaq istəyən ölkələr qarşısında keçmiş sovet silahlarından imtina etmək şərti qoyulmur. O bildirdi ki, hazırda bir sıra NATO ölkələrində keçmişdə SSRİ-də istehsal edilmiş Kalaşnikov avtomatları, T-72 tankları və digər silahlar istifadə edilir. Bu tanklar NATO ölkələri, o cümlədən Türkiyə ordusunda "FST-1" adı ilə silahlanmaya qəbul edilib. Lakin bu gün NATO-nun aparıcı dövləti olan ABŞ Cənubi Qafqaz ölkələrinin silah ardınca Rusiyaya deyil, məhz NATO ölkələrinə üz tutmasını arzulayır. Bu istiqamətdə Gürcüstan üçün əlverişli şərait yaradılıb, indi növbə Azərbaycan və Ermənistanındır. Alyansda hesab edilir ki, Qərbin öz silah bazarını Qafqaz ölkələrinə açması mümkündür, amma bir şərtlə ki, bu silah və hərbi texnikadan Qafqaz ölkələri bir-birinə qarşı hərbi əməliyyatlarda istifadə etməsin. Artıq bu əməkdaşlıqda real nəticələr göz önündədir. Bu günlərdə verilən məlumata görə, NATO Azərbaycanın Daxili Qoşunlarının polis dəstəyi taburunun maddi-texniki təchizatı ilə bağlı məsələlərin həllində "Clearing Nouse" formatından istifadə edilməsini məqsədəuyğun sayır. Milaz.info saytının NATO mənbələrinə istinadən yaydığı məlumata görə, Azərbaycanın alyans ilə fərdi tərəfdaşlığa dair əməliyyat planına (IPAP) uyğun olaraq yaradılacaq taburun maddi-texniki təchizatının həllində NATO da iştirak edəcək. "Azərbaycan tərəfi bildirir ki, taburun beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakını təmin etmək məqsədilə mövcud qanunvericiliyə bir sıra dəyişikliklər edilməsi üzərində iş aparılır. Hesab edirik ki, bununla Azərbaycan beynəlxalq aləmdə təhlükəsizliyin təmin olunmasına verdiyi töhfəni daha da artırmış olacaq", - deyə NATO-nun mənzil-qərargahından bildirilir. Hazırda alyansın müvafiq strukturları Azərbaycan Daxili Qoşunları ilə polisə dəstək taburunun NATO-nun əməliyyatlarında tətbiq edilən silah, sursat, rabitə avadanlıqları və xüsusi vasitələrlə təchizatına dair danışıqlar aparır. Qeyd edək ki, 2007-ci ilin sonlarında Daxili Qoşunların tərkibində polisə dəstək bölüyü hazır olub. Xatırladaq ki, bir müddət əvvəl Daxili Qoşunların polisə dəstək bölüyünün təchizatı ilə bağlı bir sıra problemlərin olduğu, NATO-nun təchizatla bağlı Azərbaycan tərəfinin müraciətlərinə diqqət göstərmədiyi bildirilmişdi. BRÜSSEL QAFQAZ ÖLKƏLƏRİNİ "DOST" ETMƏK İSTƏYİR Qarmiş-Partenkirxendə ilk belə əhəmiyyətli görüş 2005-ci ilin mayında keçirilib. O zaman Azərbaycan tərəfi konfransa dəvətli olsa da, naməlum səbəblərdən bundan boyun qaçırmışdı. Azərbaycanın Müdafiə Nazirliyi bunu ölkəmizin Ermənistanla münaqişə vəziyyətində olması ilə əlaqələndirmişdi. Lakin Avropanın təhlükəsizlik sahəsində məlumatlı ekspertlərinin fikrincə, budəfəki görüşdə Azərbaycanın iştirakı olduqca vacibdir, bu həm də Bakının hərbi-siyasi arzularına uyğundur. Almaniyada keçiriləcək tədbirdə amerikalı hərbçilər və onların müttəfiqləri Gürcüstan, Ermənistan və Azərbaycanı dost və inkişaf etmiş ölkələrə çevirmək yollarını arayacaqlar. NATO hərbçiləri Cənubi Qafqazı "qeyri-sabitlik qurşağı"nın hissəsi hesab edir və bildirirlər ki, bu zolaq Yaxın Şərqdən başlayaraq Qərbi Afrikanın Qvineya körfəzinə qədər davam edir. Bu səbəbdən EUCOM Cənubi Qafqaz regionunda tammiqyaslı böhranın yaranmaması üçün bir sıra tədbirlərin planlaşdırıldığını bəyan edir. Belə ki, indiki məqamda Azərbaycan, Ermənistan və Gürcüstana xüsusi hərbi yardımların göstərilməsi nəzərdə tutulur. Qeyd edildiyinə görə, bu gün EUCOM-un Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq münasibətlərində Ermənistanla müqayisədə Gürcüstan və Azərbaycanın payı Pentaqon üçün daha önəmli hesab edilir. Bunu EUCOM-un Azərbaycan və Gürcüstana hərbi sahədə xüsusi faizsiz yardım proqramı hazırlamasından da görmək olar. Qərbdəki hərbi mənbələrdən verilən məlumata görə, yardım proqramı adıçəkilən iki Cənubi Qafqaz ölkəsinin tam olaraq Avroatlantik təhlükəsizlik qaydalarına uyğunlaşdırılması məqsədi güdür. Bu məsələ gələn ay Bakıda keçiriləcək danışıqlarda da xüsusi müzakirə mövzusu olacaq. İyulun ortalarında Bakıda keçiriləcək ABŞ-Azərbaycan təhlükəsizlik danışıqlarında 6 məsələnin əsas müzakirə mövzusu olacağı bildirilir. Dipalomatik mənbələrin məlumatına görə, tərəflərin diqqət yetirəcəyi əsas məsələlər aşağıdakılardan ibarətdir: 1. Xəzərin təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər. Buraya əsasən ABŞ-ın 130 milyon dollarlıq "Xəzərin təhlükəsizliyi" proqramı çərçivəsində görülən işlərin ekspertizası daxildir. 2. Qəbələ radiolokasiya stansiyası ilə bağlı aparılan danışıqların vəziyyəti, ABŞ-ın Azərbaycanda yaratmaq istədiyi radar sistemləri ilə bağlı vahid mövqenin əldə olunması. 3. Ötən il Azərbaycanla ABŞ Silahlı Qüvvələri Avropa Komandanlığı (EUCOM) arasında əldə olunmuş saziş sənədindən irəli gələn öhdəliklər və onların yerinə yetirilməsindəki vəziyyət. 4. Azərbaycanın NATO ilə fərdi tərəfdaşlığa dair əməliyyat planında (IPAP) əksini tapan təhlükəsizliklə bağlı maddələrin yerinə yetirilməsində ABŞ-ın Azərbaycana göstərəcəyi yardımlar. 5. İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətin bölgənin təhlükəsizliyinə təsiri və buna qarşı birgə mübarizə yollarının tapılması. 6. Cənubi Qafqazdakı münaqişələr və onların regional təhlükəsizliyə təsiri. ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bildirib ki, təhlükəsizlik məsləhətləşmələri 10 ildən artıqdır keçirilir. Budəfəki məsləhətləşmələrdə əsasən Azərbaycanın Avroatlantik məkana inteqrasiyası ətrafında müzakirələr aparılacaq. Qeyd edək ki, ABŞ və Azərbaycan arasında təhlükəsizlik danışıqları ildə iki dəfə - yay və qış aylarında Bakı və Vaşinqtonda keçirilir. Danışıqlarda hər iki tərəfdən - müdafiə, xarici işlər nazirliklərinin, sərhəd qurumlarının nümayəndələri iştirak edir. AZƏRBAYCANA NƏZARƏT TÜRKİYƏYƏ TAPŞIRILIB Bu gün amerikalılar Qafqazda "kiçik qüvvənin ehtiyatlı və səmərəli istifadəsi" strategiyasını davam etdirmək fikrindədirlər. Bu çərçivədə Azərbaycan Silahlı Qüvvələrinin təlimatlandırılması və təchizat məsələləri də vacib məqamlardandır. Bir sıra məlumatlara görə, EUCOM bu istiqamətdə Azərbaycanda daha bir xüsusi proqramı işə salmaq istəyir. Əgər bu proqram işə düşsə, onda ABŞ mütəxəssisləri Gürcüstanda olduğu kimi, Azərbaycanda da xeyli sayda piyada taburlarını, tank bölüklərini müasir standartlara uyğun təlimatlandıracaq və təchiz edəcəklər. Bütün bu proses "Öyrət və təchiz et" proqramı çərçivəsində həyata keçiriləcək. Əslində, EUCOM-un Azərbaycanla əməkdaşlıq istəyi Bakının bu qurumla münasibətlər qurmaq arzusundan daha güclüdür. Pentaqonun Avropa "təmsilçi"sinin Azərbaycanla bağlı planları böyükdür. Bir çox işlər hələ 2005-ci ildə planlaşdırılıb. Ötən ilin sonlarına yaxın EUCOM və Azərbaycan arasında əməkdaşlıq haqqında xüsusi sənəd - İş Planı da imzalandı. Maraqlı bir məsələ ABŞ-ın regionda raket əleyhinə müdafiə sisteminin (RƏM) radar stansiyalarının yerləşdirilməsi ilə bağlıdır. Əgər Xızı, Bakı və Astaradakı radar stansiyalarının fəaliyyətinin məhz EUCOM tərəfindən nizamlandığını nəzərə alsaq, onda Almaniyada keçiriləcək konfransda Cənubi Qafqazda yeni radar sisteminin quraşdırılması ilə bağlı müzakirələrin də aparılacağı istisna deyil. ABŞ-ın bu istiqamətdə xüsusi planlara malik olması barədə "Ayna"nın ötən sayında məlumat vermişdik. Xatırladaq ki, Cənubi Qafqaz ölkələrinə hərbi yardımların göstərilməsi ilə bağlı fəal rol 2005-ci ildən etibarən Baltikyanı dövlətlərə (Latviya, Litva, Estoniya) həvalə edilib. Gürcüstanla bağlı Baltikyanı ölkələrin hərbi-siyasi fəallığını müşahidə etmək olar. Lakin nədənsə, bu gün adıçəkilən ölkələrin hər hansı birinin Azərbaycana münasibətdə fəallığı o qədər də gözə dəymir. Bir sıra məlumatlara görə isə, Azərbaycanda həyata keçirilən hərbi islahatlara nəzarət Türkiyəyə tapşırılıb. Müşahidəçilər hesab edir ki, son vaxtlar Türkiyənin Azərbaycanla hərbi-siyasi münasibətlərdə fəallıq göstərməsi NATO-nun Azərbaycanla əməkdaşlıq üzrə Ankaranın üzərinə yük qoyması ilə əlaqədardır. Eyni zamanda Qərb mətbuatı yazır ki, bu gün Türkiyə ilə yanaşı, Almaniya və Böyük Britaniya da Cənubi Qafqaz dövlətlərində hərbi islahatların intensiv aparılmasını arzulayır. Belə ki, Almaniya ehtiyatda olan zabitlərin hazırlanmasını, Böyük Britaniya kiçik zabit heyətinə təlimlərin keçirilməsini, Türkiyə isə neft kəmərinin mühafizəsi üzrə təhlükəsizlik məsələlərinin koordinasiyasını təklif edir. Bu gün NATO Azərbaycanla əməkdaşlığın müəyyən sənədlər çərçivəsindən çıxaraq daha sıx və səmimi inteqrasiya səviyyəsinə keçməsini istəyir. Qeyd edək ki, Azərbaycanın NATO ilə əməkdaşlıq sənədlərində müdafiə və təhlükəsizlik sektorunun inkişaf prioritetləri konkret formada əksini tapıb. Bunlar Silahlı Qüvvələrdə, Müdafiə Nazirliyinin aparatında və Baş Qərargahda ciddi struktur islahatlarının həyata keçirilməsi, NATO standartlarına uyğun müasir idarəetmə sisteminin yaradılması, Azərbaycanın Hərbi Doktrinasının və Strateji Müdafiə İcmalının qəbulu, hərbi qanunvericiliyin, hərbi nizamnamələrin dəyişdirilərək müasir standartlara uyğunlaşdırılması, Silahlı Qüvvələrin arsenalında olan sovetmənşəli hərbi texnikanın, silah-sursatın yeniləşməsi və sairə ilə bağlıdır. Aydın görünür ki, ABŞ və Türkiyə bütün sözügedən məsələlərdə Azərbaycanın intensiv fəaliyyət göstərməsinin tərəfdarıdır. Son vaxtlar ölkəmizə səfərlərini intensivləşdirən Türkiyə generallarının bu kimi məqsədlərin həll olunmasına çalışması da istisna deyil. Hazırda Müdafiə Nazirliyi rəsmiləri Azərbaycanda xeyli sayda hərbi hissələrin NATO standartlarına uyğunlaşdırıldığını bəyan etsələr də, ekspertlər bu açıqlamanın ciddiliyinə şübhə edirlər. Ən azı, ona görə ki, ölkənin hərbi qanunvericiliyi hələ sovet standartlarına uyğun olduğu bir halda, hər hansı birləşmənin tam olaraq yeni standartlara keçidi mümkün görünmür. ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar