SON XƏBƏRLƏR

Sabahkı Əfşinlərə.Eluca Atalı

2021.10.20, 07:36
Sabahkı Əfşinlərə.Eluca Atalı

Gunaz.tv
Eluca Atalı Sabahkı Əfşinlərə ( fəlsəfi - bədii hekayə ) ( Azadlıq eşqinə görə İran rejimi tərəfindən vəhşicəsinə işgəncə ilə qətlə yetirilmiş, boğazından asılmış millətçi gənc Təbrizli Əfşin İrfan Xosrovşaha ittihaf ) I Sən, ey, bir adla çağrılmayan, suyu qurumuş dibsiz, qaranlıq quyu! Bu gün mən -- Əfşin İrfan Xosrovşahı beynində göyərmiş azadlıq toxumuna görə öldürdün. Amma sabah mənim düşüncəmi beynində bitirmiş milyonlarla Əfşin İrfan Xosrovşahlar peyda olacaq, səpiləcək sənin ətrafına və onlar dibini daşlayacaq. Unutma, susuz quyu daşlananda, dərinliyindən asılı olmayaraq, dolub yerlə bərabər olur. II O, sözünü bitirib, başını yuxarı qaldırdı. Səmada qanadlarını tam açıb, köksü ilə havanı yaran balaca quş, yorulmadan irəli şığıyırdı. O, göyün maviliyinə, səmanın maneəsizliyinə və cövlan etdiyi meydanın genişliyinə gözdolusu baxa - baxa, ümmanlıqda süzdükcə qıy vururdu. O, doğulmamışdan taleyi həll olunmuşdu.Ona təyin olunmuş, daim yemi - suyu hazır küncündə qoyulmuş nazik dəmir toxunma, aqibətinə yazılmış qəfəsi indi yadına salmırdı. Quş öz uçuşu ilə təkcə təbiətin ona bəxş etdiyi imkanı reallaşdırmırdı. O, həm də varlığını sübut edirdi. O, taley teyinin üstündən qara xətt çekib, özü öz istədiyi kimi özünə yeni aqibət yaradırdı! Ürəyi qanadına, balaca bədəninə hökm edirdi. İndi özünün hakimi özü idi. Kimsə demirdi, kimsə işarə vermirdi, hansı səmtə, hansı yöne uçsun. Onu seyir etdikcə, Əfşin anladı ki, varlığı içində boğulur, içi tüğyan edir. Duydu ki, daxili hazırdı yeni doğulacaq tufan üçün! O, azadlıq aşiqi idi, ruhu azadlıq çağırırdı. Quş bu zaman verilmişlərin üzərindən adlayırdı. Əfşinsə durduğu yerdəcə sabahını doğurdu! III Amma sən, quyu dərinliyini mahiyyətində daşıyan, bütün imkanları qapanmış, tükənmiş, gələcəyi olmayan bugünsən. Sən bilməlisən ki, azadlıq aşiqinin üfüqləri geniş, səması əngin, qanadı möhkəm olur. Sənlə müqayisəyə gəlməz dərəcədə. O, başın üstündəki ənginlikdə uçacaq! Bugünkü Əfşinlər olmasa da, sabahkı Əfşinlər onun arzusunu reallaşdıracaq körpə quşcuğazlardır. Sən onları görməyəcəksən. Çünki onlar doğulanda, sən yerlə - yeksan olub, dünyadan silinəcəksən. Yerlə bərabər olanın yalnız bugünü var, sabahı yoxdur. Sən onun vücüdünü öldürdün, amma azadlıq eşqini, göy sevgisini hördüyün dəmir telli qəfəsə sığışdıra bilmədin! Azadlıq aşiqinin beynində göyərən toxum, onun ürəyini gerçək vücudundan qat - qat artıq etmişdi! IV Dibsiz, qaranlıq quyu torpağa ləkədi, üz qarasıdı. Həm də onun varlığı insan üçün daim təhlükədi. Ağzı açıq quyu, yanan ciyərlərə su vədiylə aldada - aldada yaxınını, doğmasını belə öz dibində batırar. Sən istəyirsən bununla hamıya sübut edəsən ki, səndə suyun varlığına inanıb, aldananlar, hətta, sənin suyunu içdiklərini və üstəlik onun şipşirin dadı olduğunu da bizə sübut etsinlər. Amma sən bilmirsən ki, bu gedişlə hətta özünü belə aldatmısan. Özünü qürurlu göstərməyə çalışsan da, artıq yanılmısan. Çünki ağzındakı qapağı belə udmusan... Bununla da, kimliyin bəlli olub hər kəsə.Yalanını doğru kimi təlqin edə - edə, özün də artıq öz uydurmana inanmısan. Çəkisizlikdən başqa bir şey deyil təlqinin. Dünyada uçmayan, uçulmayan büt yoxdur. Bütün bütləri insan yaradıb. Amma öz yaratdığında özünü görməyəndə, insanlığın aldandığını zənn edəndə, iç dünyası öz yaradıcılığına qarşı üsyan edib, bir məqamda onu vurub, sındırıb. İnsanın daxili üsyanına qarşı dünyada duracaq bir qüvvə yoxdur. Çünki məhz həmin məqamda insan özü ilə qalır və yalnız özünü eşidir. Sən quyu, təlqinsiz heç nəsən. Varlığı olmayan bir bir puçluq, bir boşluqsan. Amma dolu görünürsən. Çünki təlqinlə var olduğunu adamlara inandırmısan. Sən öz varlığını adamlara təlqin etməsəydin, çoxdan unudulardın, silinərdin yaddaşlardan. Kim yad edərdi səni?! Sən gözlərə pərdə çəkmisən. Adamlar sənin qaranlığından başqa, işığın olduğuna inanmırlar. Sən qulaqları tıxamısan, adamlar səs eşitmirlər. Sənin səsindən başqa, dünyada xoş, həzin, könül oxşayan nəğmənin olduğunu artıq anlamırlar. Sən ayaqları qandallamısan. Adamlar yerişini itirib bir yerdə durmaqdan. Ayaqlar düz xəttə çevrilib, yerindəcə əsir olub, donub. Ağızları qapamısan, dil tərpənmir. O, dilə yalnız öz adını öyrətmisən, başqa söz deyə bilmir. Sən bütün bu əməllərinlə yaşadan tək görünürsən, amma əslində öldürürsən. Görməyən göz, eşitməyən qulaq, yeriməyən ayaq, danışmayan dil, düşünməyən beyin, döyünməyən ürək ÖLÜDÜR! Sən ölülərin sahibisən. Kim nəyə hakimdirsə, o, özü də ona təndir. Amma diri kimi görünürsən. Çünki özünü saydırırsan, səni sayırlar. Başqasının təsdiqində varsan, yaşayırsan. Amma özün öz içində yoxsan. V Əfşinləri görən göz, açılır. Əfşinləri eşidən qulaq, səsləri bir - birindən seçir. Əfşinlərin ayaqları adamlara yerimək öyrədir. Onun addımlarını görən hər bir kəs, bir yerdə qalmayıb, hərəkətə gəlir. Susmuş dillər Əfşinlərin azadlığa olan sevgi dastanının kəlmələri ilə açılır. Beyin dərk edir ki, yalnız Əfşinlərin düşüncəsi ilə həyatda yaşamaq, özü olmaqdır. Görən, eşidən,yeriyən, danışan, düşünən bədən sahibinin ürəyi döyünür, Əfşinlərin ürək ritmi ilə! VI Azadlıq aşiqinin döyünən ürəyi indi alov rəngli örtüyə bürünüb, Təbriz gənclərinin başı üzərinə qaldırılmışdı. Bir zaman Babək Xürrəmdin Bəzz qalasında yüksəyə qaldırdığı qan rəngli bayraq tək. Amma bu dalğalanmırdı, ağır idi. Ağırlığı təkcə ruhunun, arzusunun yox, həm də vücudunun onlarla birgə yüksəyə qalxması idi. Əfşin İrfan Xosrovşah təfəkküründən qidalanmış barmaqlar, onu baş üstündə irəli, yalnız irəli aparırdı. Onlar ağırlığı hiss etmirdilər. Çünki bir nəfərin ağırlığı indi minlərin, milyonların çiyninə düşmüşdü. Hər kəs onu quş tək yüngül hiss edirdi. Mavi, əngin, apaydın işıqlı , geniş sımada isə quşlar uçuşurdu. Yüngül olduqları üçün havanı maneəsiz yarıb, buludların arxasından sürətlə irəli şığıyırdılar. Qoca Təbriz ağlamırdı, sızlamırdı. Onun göz yaşı qurumuşdu yanağındaca. Təbriz dolanbadolam yollarından keçərək, millətindən dərd alıb, dərs verən oğlu ilə vidalaşırdı. İndi o da ayağa qalxıb, oturmaqdan bükülmüş dizini ovxalayıb, bütün ağrılarını unutmuşdu. Pəncələri üzərinə yüksəlib, baş barmağını yerə dirəmişdi. O, irəli yeriyən gənclərin başı üzərinə qaldırdığı oğlu ilə son dəfə vidalaşıb, “Yaxşı Yol!” arzulayırdı. Səmada quşlar qanadlarını tam gərib, yorulmadan, ürək hökmü ilə irəli şığıyırdılar... Bir - birini ötüb keçən quşlar, səma genişliyindən sonsuz həzz və ilham alırdılar. Yerdəsə azadlığı millətinin məlhəmi bilən Əfşin özündən bixəbər irəliləyirdi. Təbriz oyanmışdı! Mürgülü gözlərini ovcundakı yaylıqla yox, əlinin arxası ilə ovuşdurub, geniş açmışdı. Gözləri yay günəşinin torpağa od saçan şəfəqindən qamaşmırdı. Onun üçün də gənc Əfşin İrfan Xosrovşahı heç bir quyu dərinliyinə qıymayıb, elə beləcə başlarından yuxarı qaldırıb irəli, yalnız irəli aparırdılar. Sabah doğulacaq Əfşinlərin onu görməsi üçün. 26 Qismət Günü, İşıq Ayı, 30 - cu il. Stokholm. efshin_erfan1.jpg azadtribun

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar