SON XƏBƏRLƏR

Pərvanə Məmmədli: İranda ilk üsuli-cədid məktəbinin əsasını Azərbaycanlılar qoyub (MÜSAHİBƏ)

2021.10.20, 07:36
Pərvanə Məmmədli: İranda ilk üsuli-cədid məktəbinin əsasını Azərbaycanlılar qoyub (MÜSAHİBƏ)

Gunaz.tv
AMEA-nın Ədəbiyyat institutunun aparıcı elmi işçisi və Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin dosenti, Güney Azərbaycan kültürü,ədəbiyyatı və mətbuat tarixi üzrə araşdırmaçı Pərvanə Məmmədlinin GÜNAZ. TV Mətbuat Xidmətinə müsahibəsi. - Pərvanə xanım xöş gördük Sizi! Müəllifi olduğunuz”Cənubi Azərbaycan mətbuatı tarixi” kitabını yazmaq ideyası necə yarandı? - BDU-nun(o zamanlarADU) nun jurnalistika fakültəsinin məzunuyam. Ali məktəbdə diplom işim İranda azərbaycanlı ziyalıların nəşr etdiyi bir jurnala həsr olunmuşdu. Sovet dövründə xarici ölkələrlə əlaqə saxlamaq mümkün deyildı. Xoşbəxtlikdən diplom rəhbərim və həmişə adını minnətdarlıqla xatırladığım vətənpərvər ziyalı Abbas Zamanov mənim xariclə əlaqə saxlamağıma və lazım olan materialları əldə etməyə kömək etdi. Bu həvəs və maraq, uzun illər məni tərk etmədi. KİV-də,tədbirlərdə iştirak etdim, silsilə məqalələr yazdım. Nəhayət, monoqrafiyam çap olundu və mən dissertasiya müdafiə edib elmi ad aldım. Cənubi Azərbaycanda və İranda sayı bizdən 3-4 dəfə cox olan soydaşlarımız yaşayır. Onlar İranda yaşayıb oranın vətəndaşı olsalar da, fərqli kültürə, tarixə, ədəbiyyata, dilə və daha saymaqla bitməyən təzadlı dəyərlərə malikdirlər. Ötən əsrin 90-cı illərindən üzü o yana, 70 ildə SSRİ-də və İrandakı mənbələrə nəzər salsanız,orada azərbaycan türkü, Güney Azərbaycanla bağlı məfhuma çətin ki, rast gələsiniz olsa da yalnız həmişə təhrif olunmuş yazılar görərsiniz. Amma Quzey Azərbaycan istisna idi. Güney Azərbaycanın tarixi, xüsusilə ədəbiyyatı ilə bağlı araşdırmalar aparılır, akademik nəşrlər şap olunurdu. - Amma mətbuatın öyrənilməsi sahəsində bir boşluq vardı. Düzdür, M.Tərbiyət, Nazim Axundov, Çeşmazər, Səməd Sərdar Niya və başqa bu kimi ünlü tədqiqatçılar bu mövzunun müəyyən dövrlərini təhlilə cəlb etmişdilər. Mövzuya konseptual yanaşdım 150 ildən artıq bir dövrün “yaddaşını”,”aynasını”arayıb-araşdırmaq çətin olduğu qədər, həm də məsuliyyətli idi. Kitabda XIX əsrin birinci yarı­sın­dan müasir dövrümüzədək İranda və ondan qıraqda yaşayan azərbay­canlı ziyalıların ədəbi-ictimai fəaliyyətindən, onların nəşr etdikləri çeşidli mətbu orqanlarını araşdırmaya cəlb etmişəm. XIX əsrin əvvəllərindən başlamış mətbuatın keçdiyi yol, Cənubi Azərbaycanda mətbuatın formalaşması, mətbuatın cəmiyyətdə rolu, çoxsaylı mətbuat vasitələrinin fəaliyyəti, 1978-79-cu illərdə İran inqilabında mətbuatın rolu, inqilabdan sonrakı və çağdaş dövrü fəaliyyəti əks olunub. Sonuncu bölumdə diaspor mətbuatına yer ayırmışam. Kitabda Azərbaycan ictimai-siyasi və bədii fikir tarixində əhəmiyyətli ola biləcək bir sıra yeni faktlara, sənədlər də yer alıb. - Cənubi Azərbaycan tarixinin tarixi mərhələlərə (IX bölüm) bölmüş hər dövrün özünəməxsus cəhətlərini verməyə çalışmışam. Götürək ölməz M.Ə.Sabirin şeirlərində böyük önəm verdiyi Konstitusiya Məşrutə inqilabı dövrünü. Bu dönəmdə mətbuat həqiqətən ictimai-siyasi və ədəbi həyatın güzgüsü idi. Dövrə xas olan xüsusiyyətlərdən biri də yaranan ədəbiyyatın ayrıca kitab və digər bədii nümunələrdə deyil, məhz mətbuat səhifələrində əks olunması idi. Məsələn, Əşrəfəddin Gilani tərəfindən Rəştdə nəşr olunan «Nəsimi-Şimal» qəzetinin əksər səhifələri şeir nümunələrindən ibarət idi. Yusifxan Etisalınmülkün redaktorluğu ilə çıxan «Bahar» qəzetində Yusif xanın şeirləri və rus, fransız, ərəb ədəbiyyatından etdiyi tərcümələr əsas yer tuturdu. «Sure-İsrafil» qəzetində bu mətbu orqanının baş yazısı Əli Əkbər Dehxudanın daimi rubrikası olan «Çərənd pərənd» də o dövr üçün yeni olan siyasi felyetonun nümunələri yaranırdı. - Maarifçilik nöqteyi nəzərindən qısada olsa oxucularımıza, Güney Azərbaycan mətbuat tarixinin yaranması haqqında məlumat vermənizi istərdik. - Hələ XIX əsrin sonlarında Güney Azərbaycanda maarif sahəsində gözəl bir ənənənin əsası qoyulmuşdu. Məktəb və mədrəsələrdə nəşriyyə və mətbu nümunələri çap olunurdu. İranda ilk üsuli-cədid məktəbinin əsasını qoymuş M.H.Rüşdiyyənin ardıcılları yeni məktəblər təsis etdirdilər. Onlar eyni zamanda bu məktəblərdə kitab, qəzet, jurnal nəşri ilə də məşğul idilər. Çox zaman bu işə mədrəsə və məktəblərin öyrənci və tələbələri də həvəslə qoşulurdular. Bu ənənə bu gün də davam edir. Güney azərbaycanlılarının təhsil aldıqları elm ocaqlarında qəzet və jurnallar dərc edilir. Bu, təbii ki, daxili ehtiyacdan irəli gəlir. İranın bir çox iri şəhərlərində, əsasən tibb və texniki sahələr üzrə təhsil alan azərbaycanlı tələbələr ana dilində mətbu orqanlarını çıxarmaqla bir növ mənəvi ehtiyaclarını ödəyirlər. Bununla onlar fars dilinin mütləq üstünlüyünü aradan qaldırır, ana dilində yazıb-oxumağın, nəinki mümkün, həmçinin üstün və zəruri olduğunu açıb göstərməyə çalışırlar. Bu, mətbu orqanlarında çox zaman milli kimlik və milli mədəniyyətlə bağlı bilgi və örnəklərə geniş yer verilir. Güney mətbuatı üçün xarakterik xüsusiyyətlərdən biri də odur ki, öz səhifələrində fars dilində məqalə və materiallar dərc etməklə, Azərbaycan xalqının milli varlığını, mədəniyyətini, zəngin tarix və ədəbiyyatını həm farsdilli, həm də İranın digər qeyri-azərbaycanlı xalqları arasında təbliğ edirlər. Tək Güney Azərbaycanda deyil, bütün İran boyu ali təhsil ocaqlarında tələbələrin köməyi ilə onlarla dərgi və qəzetlər nəşr olunur. Bundan başqa internet şəbəkəsində belə mətbu nümunələrinin müxtəlif variantları mövcuddur. Görkəmli İran yazıçısı Cəlal Ali Əhmədin hələ ötən əsrin 50-60-cı illərində yazırdı ki, Güney Azərbaycanda baş verən bütün böhranlı vəziyyətlər dil məsələsindən doğmuşdur. O qeyd edirdi ki, mədəniyyətin, təhsilin, mətbuatın və kitab nəşrinin hələ yayılmadığı dövrdə İranda dil müxtəlifliyi elə bir problem doğurmurdu. 1920-ci illərin əvvəllərində Tehran hökuməti bütün ölkədə əhalinin birdilli olmasına çalışdı…. Bütün səyini nəinki türk dilini məhdudlaşdırmağa, hətta onu məhv etməyə yönəltdi» Uzaqgörənliklə söylənilən fikir bu gün də qüvvədədir. Çağdaş dövrdə mərkəzi hökumətlə Güney Azərbaycan arasında baş verən bütün ixtilafların kökündə əsasən dil məsələsi durur. - Güney azərbaycanlıların İranda öz doğma dilində təhsil almaq, yazıb-oxumaq, ciddi mütaliyə etmək, rəsmi yerlərdə danışmaq və s. imkanlara malik olmaması bu gün bir gerçəklikdir. Baxmayaraq ki, İİR-in 1979-cu ildə qəbul edilmiş qanununda yerli və qövmi dillərin (etnik) kütləvi informasiya vasitələrində,mətbuatda işləməsinə,məktəbdə isə milli ədəbiyyatın tədrisinə icazə verilib. - Əsrlər boyu İranın möhkəmlənməsində və tərəqqisində əsas rol oynayan,yeri gələndə belə canını əsirgəməyən azərbaycanlılar bu gün də öz hüquqları uğrunda yorulmadan mübarizə aparırlar. Bu müqəddəs işdə çətinliklərlə nəşr edilən hər bir mətbuat nümunəsinin adicə bir sayının da böyük,siyasi və mədəni əhəmiyyəti vardır. - Bu günlərdə işıq üzü görən, redaktoru olduğunuzu “Ulu Çinar” jurnalı ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı. - Bu yaxınlarda Bakıda yubiley tədbirlərinə dəvət olunmuş tanınmış türkoloq,şair Oljes Süleymenov Kitab oxumaq mədəniyyəti ilə bağlı çox dəyərli fikirlər söyləmişdi; Orta əsrlərdə insanlar yazıb oxumaq bilməyəndə, küçə,meydandakı tamaşaları seyr edir, natiqləri dinləyirdilər. İndi XXI əsrdə də insanlar orta əsrlərdəki kimi seyrçi, tamaşaçı dinləyici səviyyəsinə eniblər. ”Təəssüf ki, bu hal Azərbaycanda geniş yer alıb. Düzdür, biz informasiya əsrində yaşayiriq. Kompyuter,internet vasitəsilə çox az müddət ərzində istənilən bilgini, informasiyanı əldə etmək mümkündür. Amma bunlar kitabın, qiraətin yerini vermir. KİV-in içərisində kitaba identik olanı yəqin ki, jurnaldır, dərgidir. 50-ci illərdən sonra Qərbdə kommunizm ideologiyasının yayılma təhlükəsini qırmızılaşma, çəhrayılaşma kimi qələmə verirdilər. Bir az fərqli kolor, Azərbaycan KİV-də də sarı kolor, yəni sarı mətbuata xas cəhətlər getdikcə geniş əl-qol açır.Əyləncə də lazımdır,amma gərgin işdən sonra maraqlı və mənalı istirahət kimi. KİV-in bütün dünyada qəbul olunmuş üç funksiyası var; informasiya yaymaq, maarifləndirmək,bilgiləndirmək və əyləndirmək. Bizdə daha cox sonuncuya yer verirlər. Və xeyli müddətdir ki, maarifləndirmə sahəsində dərin boşluq var. Az da olsa bu boşluğu aradan götürmək üçün yeni bir dərgi çıxarmaq qərarına gəldik. Dərginin əsas istiqaməti kültür,sənət,ədəbiyyatla bağlıdır. Artıq onun birinci sayı çıxıb, oxucuların ixtiyarına verilib, onun haqqında düzgün fikri də yəqin ilk növbədə oxucular söyləyəcək. Söhbətləşdi: Elnur Eltürk P.S. Sonda demək istərdim ki, Doktor Cavad Heyət kitab haqqında təqdimat mərasimində söyləmişdi ki, Kitab çox sadə formadadır və tarixi gerçəkliklə əks etdirmişdir. Cənubi Azərbaycan mətbuatının keçmiş və bugünkü durumundan şimaldakıların çoxunun məlumatı yoxdur. Onun üçün də belə bir kitabın yazılması məncə, böyük bir zərurətdir. Sovet dövründə çıxan kitabların əksəriyyətində təhriflərə yol verilməsinin şahidi olmuşam. Şimali Azərbaycandakı müəlliflər daha çox təfsilatı yazırdılar və hətta təkrara yol verirdilər. Bu kitabda təkrara yol verilməmişdir. Demək olar ki, kitab yığcam, müxtəsər-müfitidir və faydalıdır. Məncə, oxucuların ürəyincə olacaq bu kitabı oxumağa dəyər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar