SON XƏBƏRLƏR

Tehranın yeni planı nə vəd edir?

2021.10.20, 07:36
Tehranın yeni planı nə vəd edir?

Gunaz.tv
Tehranın yeni planı nə vəd edir? "Tehran ən yaxın vaxtlarda Qafqazdakı münaqişələrin dinc danışıqlar vasitəsilə nizamlanması ilə bağlı təşəbbüslərlə çıxış edəcək. Məqsədimiz bölgənin sülh, qarşılıqlı əməkdaşlıq, mehriban qonşuluq, səbatlı inkişaf və iqtisadi dirçəliş məkanına dönməsidir". İran xarici işlər nazirinin birinci müavini Hüseyn Şeyxülislam Tehranda hər il keçirilən beynəlxalq "Mərkəzi Asiya və Qafqaz" konfransında çıxış edərkən bildirib ki, təşəbbüs planı artıq hazırdır. Bölgə dövlətləri dəyişikliklərini təklif edəndən sonra həmin plan açıqlanacaq. "İranın xarici işlər naziri Mənuçörh Motəkki Cənubi Qafqaz regionuna səfər edəndən sonra bu bölgədəki ölkələrlə raılığa gəlinib ki, Tehran münaqişələrin nizamlanması ilə bağlı təşəbbüsünü hazırlayıb təqdim edəcək. Hazırda həmin plana əlavə və dəyişikliklərlə məşğuluq. İşlər ən yaxın günlərdə başa çatdırılacaq", - H.Şeyxülislam bildirib. Onun dediyinə görə, plan Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstan rəhbərliyinə təqdim ediləcək. Xatırladaq ki, sentyabrın 24-də Nyu-Yorkda Türkiyə və İranın XİN başçıları Əli Babacanla Mənuçöhr Mütəkkinin görüşündə də Dağlıq Qarabağ münaqişəsinin həll yolları müzakirə olunmuşdu. M.Motəkki türk həmkarından Türkiyə prezidenti Abdulla Gülün sentyabrın 6-da Ermənistana səfərinin nəticələrini soruşmuşdu. Daha sonra tərəflər Cənubi Qafqazdakı situasiya ilə bağlı məsləhətləşmə və müzakirələri davam etdirmək qərarına gəliblər. Zira Türkiyə də Cənubi Qafqazdakı münaqişələrin çözülməsi təşəbbüsü ilə çıxış edir. Ən azı avqustun 12-də Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Moskvada "Qafqazda sülh və stabillik paktı" kimi regional birliyin yaradılması ideyasını ortaya atması önəmsiz sayılası məsələ deyil. Bu ideya əslində reallaşması çox çətin, bəlkə də mümkünsüz təsir bağışlasa da, Ankara həmin alyansa Rusiya, Ermənistan və Gürcüstanı da cəlb etməyi nəzərdə tutur. Ankaranın fəallığı və qarşısına qoyduğu məqsədlər başadüşüləndir. Lakin Tehranın Cənubi Qafqazda fəallaşmaq, sülhyaratma missiyasıı boynuna götürmək fikrinə düşməsi maraq doğurur. İranı regional diplomatiya müstəvisində hələlik əsasən yalnız Ermənistan dəstəkləyir. Aşkar Qərbyönlü siyasət yürüdən Gürcüstanın İranın təşəbbüslərinə fəal dəstək verərək strateji müttəfiqi ABŞ-ı qıcıqlandıracağı ağlabatan deyil. Rusiya "strateji arxa həyət" bildiyi Cənubi Qafqazda ABŞ, Türkiyə və Avropa Birliyindən sonra indi də İranın aktiv siyasi təşəbbüslərlə peyda olmasını həzm edən deyil və etməyəcək də. Zira Moskva üçün Tehran yanız Yaxın Şərqdə daim gərgin situasiyanı bərabərətalətli vəziyyətdə saxlayıb ABŞ-a təzyiq etmək üçün vasitədir və belə halda İranın Cənubi Qafqaza "yerimək" istəyi mütləq şəkildə Kreml tərəfindən sərt müqavimətlə qarşılanacaq. Onu da unutmayaq ki, Rusiya İranın Ermənistan ərazisi ilə təbii qazını Avropa bazarlarına çıxarmaq cəhdini unutmayıb. Həmin cəhdin qarşısını Moskva çox sərt şəkildə almışdı. Ən nəhayət, Azərbaycana gəldikdə isə, rəsmi Bakı Tehranın Dağlıq Qarabağ münaqişəsinin vasitəçiliyi sarıdan acı təcrübəyə malikdir. Belə ki, 1992-ci ilin mayın 8-də Tehranda Dağlıq Qarabağ münaqişəsi ilə danışıqlar aparılanda ermənilər Şuşanı işğal etmişdilər. O vaxtdan bəri İranla Ermənistan arasında çox fəal iqtisadi, siyasi, texniki və mədəni əməkdaşlıq var; iranlı iş adamları Ermənistanla yanaşı, Dağlıq Qarabağda da fəaliyyət göstərirlər. Azərbaycan ictimaiyyətində isə İran ölkəmizin ərazi bütövlüyünü tanıyıb erməni işğalını pisləsə də, Ermənistana iqtisadi dəstək verən və fəal ticari tərəfdaşlığı olan dövlət kimi tanınır. Belədə, Tehranın təşəbbüslərinə Bakının reaksiyasını da təxminləmək çətin deyil. Lakin sadalanan amillər toplusuna rəğmən, Tehranın yeni diplomatki təşəbbüslə çıxış etməsi regionda yeni yaranmağa başlamış situasiya və ən başlıcası, ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ, Rusiya ilə yanaşı, Türkiyənin də bölgədə diplomatik fəallığı prizmasından baxılanda maraqlı olay təsiri bağışlayır. Hüseyn BAKUVİ

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar