SON XƏBƏRLƏR

Qərbin “dəmir pərdəsi”. Rusiya ətrafında həlqə daralırmı?

2021.10.20, 07:36
Qərbin “dəmir pərdəsi”. Rusiya ətrafında həlqə daralırmı?

Gunaz.tv
Qərbin “dəmir pərdəsi” Rusiya ətrafında həlqə daralırmı? Qafqazdakı münaqişə postsovet məkanında olduqca dolaşıq geosiyasi vəziyyət yaradır. Xüsusilə Ukrayna-Rusiya münasibətlərində problemlərin böyüdüyünü deyə bilərik. Məsələ Böyük Britaniyanın xarici işlər nazirinin Kiyevə səfərindən sonra daha da kəskinləşib. Kiyevdəki danışıqlarda antirusiya koalisiyasına Ukraynanın da qoşulması razılaşdırılıb. Kreml isə dərhal reaksiya verib. Ruslar müxtəlif kanallarla çatdırırlar ki, Ukrayna parçalana bilər. Çoxdandır ki, səsini çıxarmayan Yanukoviç Abxaziya və Güney Osetiyanın müstəqilliyini tanımağın lazım olduğunu deyib. Bu arada baş nazir Yuliya Timoşenkonun davranışları rəsmi Kiyevi düşündürür. Baş nazir Rusiyanın Qafqazda yeritdiyi siyasəti dəstəkləməyi təklif edir. Bu da birbaşa prezidentin xəttinə ziddir. Müşahidəçilər bu əsasda Kiyevdə parçalanmanın yarana biləcəyini və onun butun ölkəyə sirayət edəcəyini təxmin edirlər. Hər bir halda Ukraynanın getdikcə daha böyük ölçüdə Qərb-Rusiya qarşıdurmasına cəlb edildiyi aydındır. Böyük Britaniyanın xarici işlər nazirinin Kiyevə səfərindən sonra Yuşşenkonun ABŞ-a səfərə hazırlaşmasını Ukraynanın NATO-ya daxil olmaq həvəsinin artması kimi dəyərləndirirlər. Rusiyalı ekspertlər hesab edirlər ki, Ukrayna indiki anda NATO üçün Rusiya məsələsində həlledici rol oynaya bilər. Ukrayna NATO-nun raketdənmüdafiə sisteminin Rusiyaya ən yaxın məntəqəsi ola bilər. Kremlin böyük ölçüdə çəkindiyi əsas məsələ də bundan ibarətdir. Belə olan halda Kremlin Ukraynanı ikiyə bölmək siyasətinə başlayacağını KİV açıq yazır. Ukraynanın şərqi və cənubunun Rusiyanı müdafiə etdiyini deyirlər. Bununla da postsovet məkanı üçün mürəkkəb və təhlükəli bir vəziyyətin yarandığını demək olar. Qərb Rusiya ətrafında “dəmir pərdə” yaratmaqdadır. O, bu işə keçmiş sovet respublikalarını cəlb edir. NATO-nun Qara dənizdə böyük hərbi gücünün toplandığını rus generallar birbaşa deyirlər. Onlar ayrıca vurğulayırlar ki, bu işdə Türkiyə də məsuliyyət daşıyır. Türkiyənin sualtı qayıqlarının Rusiya sahillərinə yaxınlaşdığını generallar deyirlər. Bunlar Ukraynanın NATO-ya sürətli üzv ola bilməsi haqqında verilən proqnozları gücləndirir. Əgər Rusiya Ukrayna istiqamətində də savaşa başlasa, çox çətinliyə düşəcək. Çünki artıq NATO birbaşa Rusiya sərhədinə çoxlu hərbi qüvvə yığıb. Dənizdə o qüvvələrin gücü Rusiyanın Qara Dəniz Donanmasının gücünə bərabərdir. Ruslar bundan ehtiyat edirlər. Məsələnin başqa tərəfi MDB məkanında faktiki olaraq yeni geosiyasi durumun yaranmasına bağlıdır. Bu vəziyyət daha çox qeyri-müəyyənliklə xarakterizə olunur. Ona görə də MDB məkanının böyük güclərin dartışma yerinə çevrilməsi ehtimalı çoxdur. Bu məkandakı ölkələr üçün ən qorxulu variant budur. Ukrayna-Rusiya qarşıdurmasının güclənməsi slavyan birliyinə ciddi zərbə olacaq. Bununla faktiki olaraq həmin birliyin puç olması təsdiqlənəcək. Belorusun bu şəraitdə necə davranacağını proqnozlaşdımaq olmur – o, Rusiyaya arxa çevirə bilər. Qafqaz istiqamətində isə daha dolaşıq bir vəziyyət yarana bilər. Ermənistan Rusiyanın forpostu kimi qonşu ölkələrə qarşı təxribatlarda düşünmədən iştirak edəcək. Cox güman ki, Qərbin bu süni dövlətə qarşı münasibəti dəyişəcək. Onların başqa yolu yoxdur. Ermənilər manevrlərlə tarazlığı saxlamaq potensiallarını tükədiblər. O baxımdan deyə bilərik ki, Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyü məsələsi həll ediləndən sonra Ermənistan əsas başağrısına çevriləcək. Bunlar göstərir ki, Qərbin Rusiya ətrafında “dəmir pərdə” yaratmaq planı son dərəcə təhlükəli və bölgə dövlətləri üçün risqli bir işdir. Ancaq artıq düyməyə basılıb və prosesi saxlamaq mümkünsüzdür. Böyük güclərin münasibətlərini necə aydınlaşdıracaqlarını zaman göstərəcək. Ancaq kiçik dövlətlərin bundan nə qədər ziyan görəcəyini düşünmək gərəkdir. Gürcüstan faktiki olaraq dağılıb və siyasi xəritəsi dəyişib. Digər ölkələri bu aqibətdən qurtarmaq mümkün olacaqmı? Bu suala indi heç kəs qəti cavab verə bilmir. NATO-nun hara qədər qətiyyətli olacağı da bəlli deyil. Ruslar hesab edirlər ki, bu hərbi alyans heç bir halda Rusiyaya qarşı hərbi güc işlətməyəcək. Bəs onda kiçik dövlətlər nəyin risqinə gedirlər? Orxan Güneyli olaylar

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar