SON XƏBƏRLƏR

YUNESKO URMİYAYA DAİR VƏDİNƏ ƏMƏL ETMİR

2021.10.20, 07:36
YUNESKO URMİYAYA DAİR VƏDİNƏ ƏMƏL ETMİR

Gunaz.tv
YUNESKO URMİYAYA DAİR VƏDİNƏ ƏMƏL ETMİR 35363_1 Halbuki bu su hövzəsini qorunan təbii ərazilər siyahısına salıb S.SƏDRƏDDİN İbtidai haqqı - ana dilində təhsil almaq hüququ təmin olunmayan Azərbaycan türkü dədə-baba torpaqlarının da tamhüquqlu yiyəsi deyil. Əks halda onun milli-tarixi abidələri dağıdılmaz, təbii sərvətləri talan olunmazdı... Bu günlərdə Dünya Azərbaycanlıları Konqresinin həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərvizniya Güney Azərbaycanda, mərkəzi Urmiya şəhəri olan Qərbi Azərbaycan əyalətindəki Urmiya gölünün mövcud vəziyyətinə dair müraciət yayıblar. Həmin bildirişə görə, Azərbaycan təbiətinin bu gözəllik simvolu məhv olmaq təhlükəsi ilə üz-üzədir. Son 13 ildə dünyanın ikinci ən duzlu gölünün səviyyəsi 6 metr aşağı düşüb. Bu isə bölgənin ekosisteminə ciddi zərbə vuraraq, gölün ətrafında və adalardakı təbiətə ciddi təhlükə törədir. Bundan başqa, Urmiya gölündəki yeganə dəniz canlısı - artimiya məhv olmaq üzrədir. Mütəxəssislərin fikrincə, vaxtında tədbir görülməzsə, o zaman yaxın gələcəkdə bu su hövzəsindən əsər-əlamət qalmayacaq. "lent.az"ın məlumatına görə, belə bir şəraitdə isə diyar özü bütünlüklə səhraya çevriləcək. Bu həm də gölün ətrafında minlərlə kənd, qəsəbə və şəhərin əhalisi üçün əsl fəlakət deməkdir. Hazırda gölün 150 hektarı səhraya çevrilib. Bunun nəticəsində ətraf kəndlərin topaqları duzlaşaraq, yararsız hala düşüb. DAK HƏYƏCAN TƏBİLİ ÇALIR DAK böhranın dərinliyini nəzərə alaraq, bütün beynəlxalq ictimaiyyətə və təşkilatalara, yaşıllar hərəkatlarına, eləcə də ölkəmizdə və dünyanın hər yerində fəaliyyət göstərən təbiət dostlarına müraciət edərək bildirir: "Urmiya gölünün məhv olmasının qarşısını almaq məqsədi ilə əməli addımlar atılmalı, bütün beynəlxalq qurumlar problemin həlli yönündə işlər görməlidir. Güney Azərbaycandakı soydaşlarımızı da problemin dərinliyini dərk edərək, öz etirazlarını ən müxtəlif vasitələrlə bildirməyə çağırırıq". Xatırlatmaq istərdik ki, 1980-ci illərdə Orta Asiyadakı (Özbəkistan və Qazaxıstanın əhatəsində) Aral gölünün quruyacağı ilə bağlı çeşidli xəbərlər yayılırdı. O zaman keçmiş SSRİ-dəki bütün məsələlərə Moskva nəzarət etdiyindən bu su hövzəsinin qurumasına Kreml barmaqarası yanaşdı. Sovet İttifaqı dağılan ərəfədə bu göl quruyub yox olmaqda idi. Aralın quruması Moskvanın müttəfiq respublikaların təbiətinə etinasız baxışının nəticəsi idi. Çünki ona pambıq planının doldurulması lazım idi. Kremlin yerlərdəki təmsilçiləri, respublikalardakı mərkəzi komitələrin birinci katibləri isə qarşılarına qoyulan planı doldurmaqdan ötrü Arala axan çayların qarşısını kəsib suyunu susuz çöllərə axıdırdılar. Nəticədə Aral günü-gündən kiçilir, ekoloji fəlakət daha dəhşətli miqyas alırdı. Onları isə düşündürən Kremldən alacaqları "bayraqlar" idi. Aralın faciəli taleyi düşüncəsiz rəhbərlərin kor əməllərinin, Moskvanın Orta Asiya əraziləinə ögey münasibətinin nəticəsi idi və o vaxt əsası qoyulan fəlakətin ağırlığı bu gün də qalır. Tehran hakimiyyətinin Güney Azərbaycana, onun nadir incisi olan Urmiya gölünə ögey münasibətinin sonucunda bölgə ekoloji fəlakət həddinə yaxınlaşmaqdadır. GÖL QIŞDA DONMUR, ONDA BOĞULMAQ TƏHLÜKƏSİ DƏ YOX Ş.Tağıyeva, Ə.Rəhimli, S.Bayramzadənin birgə hazırladığı "Güney Azərbaycan" (sorğu kitabı) kitabında yazılıb ki, bu su hövzəsi həcminə görə İranda ən böyük göl hesab olunur. Onun sahəsi təqribən 5000-6000 kv.km-dir. Göldəki suyun həcmi 20-24 milyard kubmetr idi. Onun eni 40 km, uzunluğu 130 km-dir. Dəniz səviyyəsindən 1274 m. yüksəklikdə yerləşən bu su hövzəsinin dərinliyi orta hesabla 5 m-dir. Ən dərin yerinin isə 7 m olduğu bildirilir. Qədim türk dilində bu gölün mənası "suda yaşayış yeri" anlamını verir. Başqa sözlə, türklər bu gölün ətrafında ilkin çağlardan bəri yaşadığından Urmiya şəhərinin adına uyğun olaraq, ona bu sayaq ad veriblər. Azərbaycanın başqa coğrafi adlarının başına açılan oyunlar Urmiya gölündən də yan ötməyib. Rza şahın dövründə, 1937-ci ildə gölün adı onun şərəfinə "Rzaiyyə" adlandırılıb. 1946-cı ildə Azərbaycan Milli Hökuməti bu adı dəyişdirsə də, oğlu Məhəmmədrza Pəhləvinin dövründə bu gölə "Rzaiyyə", "Rzaiyyə gölü", "Kəbudan", "Çiçsit" və sair qondarma adlar verilmişdi. İndikilər hakimiyyətə gələndən sonra şahla bağlı adları dəyişdirdiklərindən Urmiyanın da əvvəlki adı bərpa edilmişdi. Bu gölə Azərbaycanın çeşidli bölgələrindən çaylar axır. Onlardan Acıçay, Sofiçay, Leylançay, Qalaçay, Üsküçay, Tufarqançay, Dərəçay, Sınıxçay və b. adlarını çəkmək olar. Yağıntı az olsa da, bu gölün səviyyəsi aşağı düşməyib. Bunu gölə yeraltı çayların axması ilə əlaqələndirirlər. Qışın ən sərt vaxtlarında belə buranın suyu donmur. Çünki su şordur. Bu cəhətinə görə Urmiya gölü müalicəvi əhəmiyyətə malikdir. Orada boğulmaq təhlükəsi yox dərəcəsindədir. GÖLDƏKİ ADALAR Urmiya gölündə irili-xırdalı 102 ada var. Adaların ümumi sahəsi 33.640 hektardır. Şahi, Qoyundağı, Əşkdağı, Arzu qismən böyük quru sahələr sayılır. Şahinin sahəsi 3525 ha-dır. Əvvəllər burada Saray, Gəmiçi, Teymurlu, Qıpçaq, Burasarlu, Xoralı adlı yaşayış məntəqələri olub. Şahiyə aid məlumatlarda bildirilir ki, 1979-cu il inqilabına qədər burada 1170 ailə yaşayıb. Hazırda adada yaşayanlar əsasən əkinçilik, maldarlıq, gülçülük, bağçılıq, xalçaçılıq və s. işlə məşğul olurlar. Şərfəxana və Gülməxana limanlarında çalışanların çoxunun da Şahidən olduqlarını deyirlər. Bu adada iki dağ və Keçiçay adlı çay, şirin sulu 54 bulaq var. Çoxsaylı köçəri quş növləri bu adanın bəzəyi sayılır. İkinci böyük ada Qoyundağdır. Onun uzunluğu 9 km, eni 4 km-dir. Sahəsi isə 3175 km-dir. Ada dəniz səviyyəsindən 1521 m yüksəkdədir. Burada daimi axarı olan iki bulaq var. Şirin su, bol otlaq, münasib hava şəraiti burada heyvandarlığın inkişafı üçün əlverişlidir. Bununla yanaşı həmin adalarda turizm üçün də şərait mcvcuddur. Göldə çeşidli köçəri quşlarla yanaşı, ördək, kəklik, yaşılbaş sona, qaz, ağbaş ördək, habelə dağ keçisi, maral da var. Yadellilərin özbaşına ovçuluğu adanın faunasına çox ciddi zərbə vurub. Urmiya gölü və onun palçığı artiroz, əsəb, traxoma, müxtəlif dəri xəstəlikləri, böyrək, həzm sistemi, qadın xəstəliklərinin dərmanı sayılır. Buranın suyu və palçığı da nəzarətsizlik ucbatından talan edilir. Azərbaycanın bu bənzərsiz su hövzəsi təbii gözəlliyi, şəfalı suyu, saf iqlimi və müalicəvi palçığı ilə yanaşı, başqa təbii sərvətlərlə də zəngindir. 1967-ci ildə Tehran tərəfindən Urmiya gölü qoruq elan olunub. Bundan başqa, YUNESKO-da bura qorunan təbii ərazilər sırasına daxil edilib. Amma təəssüflər olsun ki, Tehran hakimiyyəti kimi, BMT-nin bu qurumu da vədinə əməl etmir... . ayna

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar