SON XƏBƏRLƏR

Təbrizdə keçmiş Almaniya konsulluğunun tarixi binası məhv olmaq təhlükəsi ilə üz-üzədir

2026.11.16, 20:32
Təbrizdə keçmiş Almaniya konsulluğunun tarixi binası məhv olmaq təhlükəsi ilə üz-üzədir

Gunaz.tv

Təbrizin Barnaava məhəlləsində yerləşən, bir əsrdən çox yaşı olan keçmiş Almaniya konsulluğunun tarixi binası İranın milli abidələr siyahısında qeydiyyata alınmasına baxmayaraq, illərdir baxımsız vəziyyətdədir və dağılmaq təhlükəsi ilə üzləşib.

Təxminən 1900-cü ildə inşa edilmiş bu tarixi kompleks 6 min kvadratmetrə yaxın ərazini əhatə edir. Buraya əsas malikanə, yardımçı tikililər və geniş həyət daxildir. Müxtəlif dövrlərdə Almaniya konsulluğu, bu ölkənin xüsusi statuslu vətəndaşları üçün yaşayış yeri, Britaniya konsulluğunun mədəniyyət mərkəzi və daha sonra qız məktəbi kimi istifadə olunub. Lakin zaman keçdikcə kompleksin bəzi hissələri zədələnib.

2023-cü ildə küçə salınması zamanı tarixi binanın divarlarının bir hissəsi sökülüb. Vətəndaşların etirazlarından sonra Təbriz meri kompleksi satın alaraq bərpa edəcəyinə söz versə də, məsələni gündəmə gətirən şəxsin bildirdiyinə görə, indiyədək bu istiqamətdə təsirli addım atılmayıb.

Tarixi abidənin özəl investorların iştirakı və ya Tehrandakı Almaniya səfirliyi ilə əməkdaşlıq yolu ilə bərpası təklifləri də irəli sürülüb. Bərpadan sonra binanın Təbriz Beynəlxalq Tarix və Diplomatiya Muzeyinə çevrilməsi də təklif edilib. Lakin bu təşəbbüslər hələ də həyata keçirilməyib.

 

GunAz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar