SON XƏBƏRLƏR

"Komissar müəmması" böyüyür. Bakıda 27 komissar olub, Şaumyan isə gerçəkdən də, Hindistanda ölüb?

2021.10.20, 07:36
"Komissar müəmması" böyüyür. Bakıda 27 komissar olub, Şaumyan isə gerçəkdən də, Hindistanda ölüb?

Gunaz.tv
"Komissar müəmması" böyüyür. Bakıda 27 komissar olub, Şaumyan isə gerçəkdən də, Hindistanda ölüb? Bakının "Sahil bağı"nda "26 Bakı Komissarı"nın abidəsinin sökülməsi və birkalarla nişanlanmış komissarların nəşlərinin qalıqlarının başqa qəbristanlığa köçürülməsi zamanı yaranan olayla bağlı qalmaqal böyüməkdədir. Xüsusi laborator analizlərdən sonra məlum olub ki, birkaların arasında Bakı Xalq Komissarları Sovetinin sədri və xarici işlər komissarı Stepan Şaumyana məxsus nişan tapılmayıb. Bu isə Şaumyanın ümumiyyətlə, bu ümumi məzarda dəfn edilməməsi haqqında qənaətin yaranmasına imkan verir. Milli Məclisin deputatı Nəsib Nəsibli hesab edir ki, hələ ötən əsrin 80-ci illərində, "yenidənqurma" illərində kütləvi informasiya vasitələrində yer almış məlumatlar 26 Bakı Komissarının heç də hamısının güllələnmədiyini, onların üç nəfərinin ölümdən qurtulduğunu vurğulayırdı. 1918-ci ilin martında 26 komissarın rəhbərliyi ilə Bakıda yaradılmış bolşevik hakimiyyəti iyula qədər duruş gətirdi. Menşeviklər hakimiyəti ələ alan kimi komissarları xəyanətdə təqsirləndirdilər. Sentyabr ayında, azərbaycanlılarla türklərin qoşunları Bakını azad edən vaxtlarda bolşeviklərə şəhəri tərk etməyə icazə verilmişdi. Onlar Həştərxana gedən gəmiyə otursalar da, bərə Krasnovodsk, indiki Türkmənbaşıya yan aldı. Orada Bakı komissarları həbs olundular və "Sentrokaspi Diktaturası"nın ingilis əsgərləri tərəfindən güllələndilər. XI Qızıl Ordu Bakını işğal edəndən sonra komissarları nəşləri Türkmənistandan geri gətirildi və 1920-ci ildə indiki "Sahil bağı"nda basdırıldı. "Sovet İttifaqının dağılmasına az qaldığı dönəmlərdə vurğulanırdı ki, Stepan Şaumyan və komissarlar arasındakı bir neçə erməni o vaxt Böyük Britaniyanın müstəmləkəsi olan Hindistana aparılıb. Həmin ermənilər elə orada da öz əcəli ilə ölüblər. Fakt faktlığında qalır ki, Bakıda 26 komissarın hamısı dəfn olunmayıb". Stepan Şaumyanın nəvəsi, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun hind araşdırmaları mərkəzinin rəhbəri Tatyana Şaumyan isə deyir ki, "Sahil Bağı"ndakı dəfndə nənəsi və digər qoşumları da iştirak edib. "Bakıdakı "Sahil bağı"nda 26 komissarının hamısının dəfn edildiyini o illərdə çəkilmiş kinoxronika da təsdiqləyir. "Babamın Bakıda dəfn olunmaması, guya Hindistanda ölməsi barədə deyilənlər ağ yalandır. Bu versiyanın araşdırılması ilə məşğul olan tədqiqatçı alimlər, o cümlədən şərqşünas-hindoloq Leonid Mitroxin sübut ediblər ki, Stepan Şaumyanın guya Hindistana aparılması və orada yaşayıb ölməsi barədə iddianın heç bir əsası yoxdur", - Tatyana Şaumyan deyib. Onun sözlərinə görə, Bakı komissarlarının Krasnovodsk yaxınlığındakı səhrada güllələnməsindən ta onların Bakıda dəfn olunmasına qədər keçən iki il ərzində hər şey baş verə bilərdi. "Əgər babamla daha iki nəfərin nəşlərinin qalıqları ümumi məzarlıqda deyilsə, deməli, 1920-ci ildən sonra onlarla nə isə baş verib. İosif Stalin babama nifrət edirdi. 1937-1938-ci illərdəki repressiyalar zamanı isə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırov Moskvaya gəlmiş, bizim ailəni də azərbaycanlıların düşməni kimi qələmə verməyə çalışaraq repressiyalara uğradılmağımızı tələb etmişdi, - Tatyana Şaumyan "Kommersant"a verdiyi açıqlamasında deyib. - Babam və daha iki nəfərin nəşlərinin qalıqları isə nələrinsə baş verə biləcəyi ikinci dönəm isə 1980-ci illərdə Dağlıq Qarabağ ucbatından Ermənistanla Azərbaycan arasındakı münaqişə zamanıdır". Rəsmi sənədlərə görə, Bakı Kommunasına rəhbərlik edən, 1918-ci ilin sentyabrın 20-də Türkmənistan ərazisində, o vaxtkı "Axça-Kuyma" və "Pereval" dəmiryol stansiyaları arasındakı yolun 207-ci kilometrində güllələnmiş komissarların siyahısı belə idi: Boqdasar Hayvazyan, Stepan Şaumyan, Məşədi Əzizbəyov, Tatevos Əmirov, Arsen Əmiryan, Meer Basin, Eyjen Berq, Anatoli Boqdanov, Solomon Boqdanov, Armenak Boryan, Mirhəsən Vəzirov, İvan Qabışev, Prokofiy Caparidze, Yakov Zevin, Mark Koqanov, Qriqoriy Korqanov, Aram Kostandyan, İvan Malıgin, İrakli Metaksa, İsay Mişne, İvan Nikolayşvili, Suren Osepyan, Qriqori Petrov, Vladimir Poluxin, Fyodor Solntsev və İvan Fioletov. Onların üç nəfərinin isə gerçəkdən də, Bakıda dəfn olunmadığını Anatoli Boqdanovun nəvəsi Dmitri Boqdanov əməkdaşımıza verdiyi açıqlamasında təsdiqlədi: "Bəli, mən də qohumlarımdan və xüsusilə də atamdan eşitmişdim ki, Bakıda komissarların hamısı basdırılmayıb. Sovet vaxtları bunu deməyə qorxurdular: yalnız ailəmizdə, "mətbəx söhbətləri" zamanı söyləyərdilər. Sözün düzü, kimlərin basdırıldığını bilmirəm. Babam onların arasında yoxdur, çünki o, Bakıda torpağa verilib". A.Boqdanovun dediyinə görə, 1920-ci ildə Türkmənistandan Bakıya gətirilərək şəhərin mərkəzində basdırılanlar arasında Stepan Şaumyanın olmadığı barədə iddialardan o da xəbərdardır. Rusiya Elmlər Akademiyasının Tarix İnstitununun əməkdaşı Vasili Yantsev isə bildirdi ki, "26 Bakı komissarı" ifadəsinin özü sovet dönəminin ən böyük miflərindən biri olub. "Əvvəla, Bakı Kommunasında 26 yox, 27 komissar vardı. Rəsmi sənədlərdə Türkmənistanda 26 komissarın güllələndiyi deyilir. Amma apardığım araşdırmalar bunun tam əksini göstərir. Belə ki, 1918-ci ilin noyabrın 21-də "Obernprodkom", yəni Moskva vilayət və quberniya ərzaq komitəsindən vurulan teleqram bu cümlə ilə başlanır: "Sizə Türkmənistanda güllələnmiş 27 yoldaşın siyahısını təqdim edirik". Amma siyahıda 25 komissarın ad və soyadları var. Həmin siyahıda Basin, Korqanov, Metaksa və Mişne yoxdur. İki gün sonra Vladimir Leninə verilən siyahıda isə Stepan Şaumyanın adı güllələnmiş komissarlar siyahısından çıxarılıb, əvəzinə güllələnən bir yana, həbs edilmiş komissarların siyahısında adları olmayan Aleksandr Latışev və Konstantin Arakin daxil edilib", - V.Yantsev söylədi. Bəlkə də bu teleqramlara önəm verməmək olardı. Lakin elə erməni tarixçi Xoren Barseqyanın "Bakı Kommunasının tarixi" kitabında yazılıb: "1918-ci ilin noyabrın 14-də Ella Vovşina Vladimir Leninə teleqram verdi. Həmin gün 16.15-də Cənub Cəbhəsinin Xəzər-Qafqaz bölməsinin İnqilabi Hərbi Şurasının sədri A.Şlyapnikovun yolladığı teleqramda deyilirdi: "Məlumat almışıq ki, Caparidze, Fioletov və Bakı ilə Qafqazın 25 ən yaxşı işçiləri Aşqabadda güllələniblər". Yəni yenə də də komissarların sayı 27, yenə də Stepan Şaumyan güllələnlər arasında deyil. "Bakı Komissarları" ifadəsinə gəldikdə isə, həmin şəxslər arasında yalnız Əzizbəyov və Caparidze Bakı sakinləri idi - yerdə qalanların hamısı gəlmələrdi. Bundan başqa, kommunada cəmi 9 komissar vardı. Petrov və Poluxin isə Bakı Xalq Komissarldarı Şurasının üzvü olmadığından, kommuna üzvləri sayılmırdılar. Bu səbəbdən də Şaumyan, Caparidze, Korqanov, Zevin, Fioletov, Vəzirov və Əzizbəyov rəsmi qaydada komissar sayıla bilər. "Bilirsinizmi, bu 26 Bakı komissarları məsələsiolduqca mürəkkəbdir. Eyni uğurla "26 Bakı rusu" (halbuki Kommuna rəhbərliyində cəmi 7 rus vardı), "26 Bakı ermənisi" (onlar 8 nəfərdi) və ya "26 Bakı yəhudisi" (onlar 6 nəfərdi) söyləmək olar. Daha dəqiq ifadə "26 Bakı bolşeviki" olardı ki, bu da düz deyil. Çünki Bakı Kommunasında 22 bolşevik vardı", - Ukrayna Milli Tarix Araşdırmaları Mərkəzinin direktor müavini Olesya Vitalçuk əməkdaşımıza söylədi. Caparidze, Petrov, Korqanovla bahəm, Bakı Kommunasına rəhbərlik etmiş Stepan Şaumyanın Hindistana aparılması barədə "Sentrokaspi Diktaturası"nın qərargahında kargüzarlardan biri olmuş, sonra İkinci Dünya Müharibəsi illərində alman bombardmanlarında həlak olmuş fransız Fransua Mirreyin xatirələrində də bəhs olunur: "Onlardan üçünü güllələmədilər, apardılar. Apardıqları yeri bilmirəm, çünki sirrdi". Hindistanın Bombey şəhəri yaxınlığında 1953-cü ilin aprelin 4-də isə "Stepi Şaumi" adlı bir şəxsin ürəktutmadan ölməsi barədə xəbər isə "The Bombay Herald" qəzetində dərc olunmuş başsağlığı sayıla bilər. Dəfn mərasiminin "Maharaştra" səmtindəki xristian kilsəsində olacağı, S.Şauminin də elə oradakı "Veyc" qəbristanlığında basdırlacağı bildirir. Humay

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar