SON XƏBƏRLƏR

Sərkisyan Güldən əl çəkmir

2021.10.20, 07:36
Sərkisyan Güldən əl çəkmir

Gunaz.tv
Sərkisyan Güldən əl çəkmir Türkiyəli həmkarını bir daha İrəvana çağıran Ermənistan prezidenti "iki ölkənin mühüm qərarların qəbulu ərəfəsində olduğunu" bildirir Ermənistan prezidenti Serj Sərkisyan bir daha Türkiyə prezidenti Abdulla Gülü İrəvanda keçiriləcək Ermənistan-Türkiyə futbol matçını birgə izləməyə dəvət edib. Sərkisyan qeyd edib ki, Gülün səfəri iki ölkə arasında münasibətlərin normallaşması üçün son dərəcə vacibdir: "Müasir tariximizdə biz çətin vaxtlar yaşamışıq. Lakin Ermənistan əlaqələri inkişaf etdirməyə hazırdır və bunu Türkiyədən də gözləyir". Sərkisyan əlavə edib ki, Ermənistan-Türkiyə əlaqələrinin inkişafından çıxış edərək demək olar ki, iki ölkənin liderləri mühüm qərarların qəbulu ərəfəsindədir:"Bunlar asan qərarlar olmayacaq, Ermənistan və Türkiyədə tam bəyənilməyəcək". Sərkisyan habelə əlavə edib ki, Ankaranın "erməni soyqırımı"nı tanımasını diplomatik əlaqələrin qurulması üçün vacib şərt saymır: "Heç bir şərtsiz Türkiyə ilə diplomatik münasibətlər qurmağa hazırıq" ("Radikal" qəzeti). Xatırladaq ki, rus-gürcü müharibəsinin ilk günlərində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın "Qafqaz İttifaqı" ("Qafqaz Alyansı", "Qafqazda Sülh Paktı") təşəbbüsü ilə çıxış etmişdi. Ərdoğanı "Qafqaz Sülh və Əməkdaşlıq Platforması" adlandırdığı təklifinin bölgədə sülh və təhlükəsizliyə töhfə verə biləcəyini düşünürdü. Təklifi ilə bağlı Türkiyənin baş naziri Moskvaya uçaraq RF prezidenti Dmitri Medvedyevlə, oradan isə Tiflisə uçaraq Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşmüş və dediyinə görə, onların razılığını almışdı. Avqustun 20-də Bakıda olan Ərdoğanı Azərbaycan prezidenti İlham Əliyevlə də Platforması barədə fikir mübadiləsi aparmışdı. Lakin Rusiyanın Gürcüstanın separatçı regionlarının "müstəqilliyi"ni tanıması ilə Ərdoğanın missiyası bitdi, "Qafqaz İttifaqı" ideyası ömrünü Medvedyevə bağışladı. "Ekspress" qəzeti ilk gündən Ərdoğanın layihəsinin ölü doğulduğu qənaətində idi. Məsələ yalnız regionda Rusiya-Gürcüstan, Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan gərginliklərinin olması ilə bağlı deyildi. Problem onda idi ki, Cənubi Qafqazda təsirini artırmaq istəyən Ankaranın təklifində regionun əsas aktyoru olan ABŞ-a yer tapılmamışdı, Moskvanın isə regionla bağlı başqa planları olduğu şübhə doğurmurdu. Regionda müharibənin getdiyi və Cənubi Qafqaz ölkələrinin Moskvadan yaxalarını qurtarmağa çılışdığı bir situasiyada Ərdoğanın əməkdaşlıq təşəbbüsü ilə çıxış etməsi yerli analitiklər tərəfindən isə qəzəblə qarşılanmışdı. Bir sözlə, Ərdoğan geosiyasi addımını uğursuz vaxtda atmışdı və gözlənildiyi kimi Türkiyə dövlətinə havayı yerə təyyarə benzini yandırmaq qaldı. Türkiyənin baş nazirinin fiaskoya uğramış Platformasında diqqəti çəkən məqam Ermənistanla danışıqların aparılacağı idi. Xatırladaq ki, "Qafqaz Alyansı" Gürcüstan, Azərbaycan, Türkiyə və Rusiya ilə yanaşı Ermənistanı da ehtiva edirdi. Və bu ideya son zamanlar istiləşməkdə olan Ankara-İrəvan münasibətlərini inkişaf etdirmək üçün fürsət verirdi. Lakin ideyanın fiaskosu ilə Ermənistan-Türkiyə əlaqələri üçün bu müstəvi itirilmiş oldu. Baxmayaraq ki, Türkiyədəki bəzi "beyin mərkəzləri" Ərdoğanın təklifini reanimasiya etməyə cəhd edirlər. İstanbulun Kültür Universitetinin dosenti, Qlobal Strateji Trendlər Mərkəzinin icraçı direktoru Mənsur Akgün hesab edir ki, "Dağlıq Qarabağ məsələsinə baş nazir Ərdoğanın irəli sürdüyü Qafqaz Sabitlik Paktı çərçivəsində baxmaqda xeyir var". APA-ya açıqlamasında türkiyəli ekspert bildirir ki, Rusiya təhlükəsini neytrallaşdırmaq üçün Türkiyənin Ermənistanla münasibətlərini inkişaf etdirmək lazımdır:" Sərhədlərin bağlı olması Ermənistanla münasibətlərimizin inkişafına müsbət təsir etmir. 1993-cü ildən bu yana Ermənistana qarşı tətbiq etdiyimiz siyasətin Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etmədiyini gördük. İndi geosiyasi şərtlər dəyişdiyinə görə yeni siyasəti nəzərdən keçirmək lazımdır. Artıq Ermənistan və Dağlıq Qarabağın Rusiyaya daha güclü şəkildə söykənmək istədiyini düşünə bilərik. Əgər Rusiya separatçı bölgələrin "müstəqilliyini" Çin və Hindistana tanıda bilsə, bunun qlobal nəticələri olacaq və qütbləşmə prosesi daha da güclənəcək. Əgər Ermənistan bu prosesdə Türkiyədən kənar qalsa, bunun təsiri qlobal səviyyədə hiss olunacaq. Ona görə də "Qafqaz Sabitlik Paktı" barədə ciddi düşünmək lazımdır". Mənsur Akgün Ankara ilə İrəvanın ortaq məxrəcə gələcəyinə inanır. Lakin çətin ki, bu məxrəcə Azərbaycan şərik ola bilsin... Z.Ziya express

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar